Beynəlxalq

Suriya və İraqda terror təşkilatlarına qoşulan Azərbaycan vətəndaşları

Azərbaycanda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə hesabat yayılıb. Məlumatı Amerikaninsesi.org yayıb.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilir.

Hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ”Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Hesabata əsasən, Azərbaycandan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin yaşayış yerlərindən görünür ki, bu rəqəm cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionlarından olanların sayı müvafiq olaraq 201 və 114 nəfərdir. Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər.

Hesabatda deyilir ki, geri qayıtmış şəxslər tərəfindən ekstremist ideyaların yayılma riski Azərbaycanın səlahiyyətli orqanları tərəfindən təsdiqlənib və aidiyatı riskin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Həmin şəxslərdən az sayda insan Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb.

Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın ) ölkəyə qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladandırlar).

Hesabata əsasən, ekstremist ideologiyaların yayılma mənbələri əsasən, xarici mənbələr olub və sadəcə o regionlardakı dini sferada mövcud gərginliklərlə qarşılıqlı əlaqə vasitəsilə gücləndirilib.

Hesabatda həmçinin bildirilir ki, bu günə qədər münaqişə ocaqlarında olan və valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb.

“Ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir”.

Hesabatda qeyd edilib ki, birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var.

“Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var,” sənəddə qeyd edilir.

Daha çox göstər
Back to top button