“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanda hakimiyyətin KİV-ə nəzarəti barədə

Turan agentliyi yazır ki, dekabrın 17-də “Sərhədsiz reportyorlar” təşkilatı illik hesabatını açıqlayıb.
Bu il dünyada jurnalistlərin öldürülməsində sayca azalma olsa da, həbs olunanların sayı artıb.
Belə ki, bu il dünyada 49 jurnalist öldürülüb, 389 nəfər həbsdədir, 57-i girov götürülüb. Jurnalistika təhlükəli peşə olaraq qalır.
Həbs olunan jurnalistlərin sayı 12% artıb. Bu jurnalistlərin yarısı Çin, Misir və Səudiyyə Ərəbistanının payına düşür.
Rusiya və Türkiyədə tənqidçi jurnalistlərin təqib edilməsi görünməmiş miqyasa çatıb.
Azərbaycan, Belarus və Mərkəzi Asiyada hökumət xəbər və məlumatlara nəzarəti artırmaqda davam edir.
Azərbaycanlı jurnalistlər sırasında araşdırmaçı jurnalist Əfqan Muxtarlının adı çəkilir. Onun diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkdiyi, özünə və vəkilinə münasibətə etiraz olaraq sentyabrda aclıq aksiyası keçirdiyi vurğulanır.
“Səhhəti ilə əlaqədar o, aclıq aksiyasını uzun müddət davam etdirə bilmədi və hazırda normal tibbi xidmətə çıxışı yoxdur”, – “Sərhədsiz reportyorlar” qeyd edir.