İctimaiyyət

Jurnalistin üzərindən məhkumluğun götürülməsi barədə iddiaya baxılması təxirə salınıb

 Dekabrın 19-da Binəqədi Rayon Məhkəməsində  “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin üzərindən məhkumluğun götürülməsinə dair müraciətinə baxılıb.  

Məhkumluğun olması jurnalistin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakına yol vermir. 

M.Hacıbəyli Turan-a bildirib ki, işə hakim Fərid Əmrəliyev baxır.

“Dövlət hesabına vəkil ayırıblar, adı Rafiq Hümbətovdur. Amma özüm şikayətimi əsaslandırdım. Bildirdim ki, barəmdə çıxarılan məhkəmə hökmü qanunsuzdur və peşə fəaliyyətimlə əlaqədar siyasi sifarişlə qəbul edilib”, – M.Hacıbəyli deyib. 

Digər tərəfdən, qanunvericilik məhkumluğun vaxtından əvvəl götürülməsinə imkan verir.  

M.Hacıbəylinin sözlərinə görə, prosesdə Binəqədi rayon icra və probasiya şöbəsinin sorğuya cavabı elan edilib.

Cavabda deyilir ki, şərti cəzanın  icrasının müddəti keçmədiyindən onun islah edildiyi müsbət xarakterizə olunmur. 

“Mən gözləyirdim ki, məhkəmə bu gün müsbət və ya mənfi cavab verəcək. Amma dövlət ittihamçısı Zaur Əfəndiyev çıxış etmək üçün 5 gün vaxt istədi. Məhkəmə prosesi dekabrın 24-dək təxirə saldı. Görünür, hələ mənim seçkiyə buraxılıb-buraxılmayacağım barədə siyasi qərar qəbul edilməyib”, – M.Hacıbəyli bildirib.

Onun sözlərinə görə, prosesin yubadılması onun seçki kampaniyasında iştirak imkanlarını məhdudlaşdırır.

Hətta müsbət qərar olarsa belə, ona imza vərəqələri almaq üçün ən azı beş gün lazım olacaq, imza vərəqələrinin təhvil verilməsinin son müddəti yanvarın 10-da bitir.

Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinin 13 yanvar 2010-cu il tarixli qərarında deyilir ki, şərti məhkum olunmuş şəxs şərti cəzanın ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.

Daha çox göstər
Back to top button