Siyasət

MSK keçmiş üzvü: Azərbaycanda seçki “ənənəsi” növbəti dəfə təkrarlandı

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində təşkilatçılıq, seçici aktivliyi, “karusel” əməliyyatı yenidən təkrarlandı.

Bunu Meydan TV-ə Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyib. O hesab edir ki, dekabrın 23-də Azərbaycanda seçki “ənənəsi” növbəti dəfə təkrar edilib.

“Dəyişən yeni nəslin prosesə qatılmasında özünü büruzə verdi. Onların müqabilində seçkidə pozitiv və fərqli notlar gördük. Həmçinin saxtakarlığa qarşı mübarizə apardıqlarının, “karusel”də iştirak edənlərin ifşa olunduğunun şahidi olduq. Azsaylı namizədlər olsa da, onlar öz gücləri və sosial medianın imkanlarından istifadə edərək nələrsə etdilər”.

“Hüquq və İnkişaf” İctimai Birliyi Hafiz Həsənov da oxşar fikirləri bölüşüb. O deyib ki, eyni qanunsuzluqlar dünən də təkrarlandı.

“Əhalinin seçkilərə etimadının çox aşağı olduğunu göstərdi və tədricən seçki institutu sıradan çıxır”.

Onun fikrincə, təkrar olunan pozuntular eyni xarakterliydi, seçici siyahıları ilə bağlı problemlər də qalır.

H.Həsənov Azərbaycanda dərin və ciddi seçki islahatlarına ehtiyac olduğunu düşünür:

“İslahatlar seçki mühitini əhatə etməlidir. Əlverişli hüququ baza yaranmalıdır. Son proseslər göstərdi ki, ən pis halda seçki administrasiyası, komissiyalar dəyişməyəcəyi halda seçkilərin ədalətliliyi və demokratikliyi barədə danışmaq əsassızdır”.

Xatırladaq ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Daha çox göstər
Back to top button