İctimaiyyət

Demokratik Qüvvələrin Milli Şurası reperin saxlanmasını və videoblogerə hücumu pisləyib

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) ölkədə fəallara və özgəfikirlilərə qarşı yeni repressiya dalğasını pisləyən bəyanat yayıb. Bu barədə Turan agentliyi yazır.

“Ölkədə dərin islahatlar barədə hakimiyyətin bəyanatlarına baxmayaraq, repressiya və işgəncə maşını işini davam etdirir. Belə ki, son günlərdə DİN “Bandotdel” reper Pərviz Quluzadəni saxlayıb və 4 gün həbsdə saxlayıb. Bundan sonra məhkəmə ona 30 sutka inzibati həbs cəzası verib.

İki gün sonra videobloger Mehman Hüseynov gecə yarısı Bakının mərkəzində saxlanılıb, Bakı ətrafına aparılıb, ağır döyülüb, təhqir edilib və orada atılıb. Bir gün əvvəl o, Pərviz Quluzadənin müdafiəsi üçün DİN-in qarşısında plakat qaldırıb”, – bəyanatda deyilir.

Elə bu iki fakt kifayətdir ki, hakim rejimin islahatlar aparmaq niyyətində olmadığı və əvvəlki kimi sərt bir polis rejiminə güvəndiyi qənaətinə gəlmək mümkün olsun. Prezident Administrasiyası və DİN rəhbərlərinin dəyişməsinə baxmayaraq, işgəncə və repressiyalar daha da sərtləşib.

2019-cu il oktyabrın 19-da müxalifətin etiraz aksiyası zamanı və ondan sonra bir çox fəal, o cümlədən Milli Şura üzvləri: Əli Kərimli, Tofiq Yaqublu və İbrahim İbrahimli həbs edilərək ağır işgəncələrə məruz qaldılar.

Bəyanatda deyilir ki, hakim komandada dəyişikliklərdən sonra polis zorakılığı və işgəncələrin davam etməsi bu siyasətin birbaşa yuxarıdan gəldiyini və bu qeyri-insani hərəkətlərin birinci şəxsin göstərişi ilə həyata keçirildiyini göstərir.

Eyni vəziyyət seçkilərlə bağlı da müşahidə olunur. Son bələdiyyə seçkiləri kütləvi saxtakarlıq və polisin müdaxiləsi ilə keçib.

Milli Şura bu neqativ hadisələri pisləyir və beynəlxalq birliyi hakimiyyətin davam edən amansız siyasəti ilə bağlı susmamağa çağırır. Milli Şura yenidən hökumətdən müxalifətə, azad insanlara və vətəndaş cəmiyyətinə qarşı repressiyaları və zorakılıqları dayandırmağı, zorakılıq və işgəncələrə görə məsuliyyət daşıyan şəxsləri cəzalandırmağı tələb edir.

Milli Şura beynəlxalq birliyi qanunsuz həbslərə və işgəncələrə görə məsuliyyət daşıyanlara, habelə seçkiləri saxtalaşdıran seçki idarəetmə orqanlarına qarşı sanksiya tətbiq etməyə çağırır, bəyanatda deyilir.

Daha çox göstər
Back to top button