ATƏT DTİHB missiya rəhbəri: “Tövsiyyələrin bir çoxu qəbul olunmayıb”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyasının açıldığını elan edib. Bu barədə Turan agentliyi məlumat yayıb.
P.Tejler mətbuat konfransında bildirib ki, missiya Azərbaycan hökumətinin dəvəti ilə və ehtiyacların qiymətləndirilməsi missiyasının ölkəyə səfərindən sonra baş tutub.
Missiya parlament seçkilərinin ATƏT öhdəliklərinə, digər beynəlxalq standartlara, demokratik seçkilərin keçirilməsi üzrə öhdəliklərə və milli qanunvericiliyə nə dərəcədə uyğunluğunu qiymətləndirəcək.
Müşahidəçilər namizədlərin qeydiyyatını, seçkiqabağı təşviqatı, seçki administrasiyasının və müvafiq dövlət qurumlarının işini, şikayətlərə baxılmasını izləyəcəklər. Müşahidə çərçivəsində missiya həmçinin kampaniyanın KİV-də işıqlandırılmasını izləyəcək.
P.Tejler deyib ki, seçkilərlə bağlı heç bir şərh olmayacaq, yalnız hesabatların – səsvermədən sonrakı gün seçkilərin nəticələrinə dair ilkin və iki ay sonra yekun – açıqlanması nəzərdə tutulur.
O, jurnalistlərin suallarının cavabında deyib ki, Azərbaycanda medianın vəziyyəti missiyanın diqqət mərkəzində olacaq.
“Ölkədə medianın vəziyyəti diqqətimizdən yayınmayacaq. Biz media monitorinqi həyata keçirəcəyik”, – o deyib.
“Azərbaycanda hər seçkilərdən sonra ATƏT-in tövsiyələrinə əməl olunurmu?” sualının cavabındada P.Tejler deyib: “Biz tövsiyələri izləyirik, çoxlu tövsiyələr təqdim olunub, amma biz onların yerinə yetirilməsinə cavabdeh deyilik. Buna cavabdeh Azərbaycan cəmiyyətidir. Əvvəlki seçkilərlə müqayisədə seçki qanunvericiliyi çox da dəyişməyib. Bu, o deməkdir ki, tövsiyyələrin bir çoxu qəbul olunmayıb”.