İctimaiyyət

“Tərtər işi” üzrə mühakimə olunmuş işgəncələrdən danışıb

 “Tərtər işi” üzrə mühakim olunmuş Müşviq Əhmədli Repressiya və İşgəncələr Əleyhinə Komitəyə məktub göndərib. O, dövlətə xəyanət ittihamını rədd edir və uydurma ittihamlarla məhkum olunduğunu bildirir. Bu barədə Turan agentliyi məlumat yayıb.

M.Əhmədli yazır ki, bölük komandiri olub. Mayın 1-dən 2-nə kecən gec onların bölməsi qəfildən Tərtər istiqamətində döyüş mövqelərindən çıxarılıb, tərksilah edilib və əvvəlki dislokasiya yerinə aparılıb.

Onları sıra ilə meydana düzüb telefonlarını alıblar. Sonra açıq şəkildə deyiblər ki, “aranızda ermənilərə işləyənlər var”.

“Axşam saat 6-ya yaxın leytenant Nasif Əliyevi aparıblar. Saat 9-10-a yaxın məni, Elnur Hacıyev və Dursun Əlilini tutdular”, – M.Əhmədli yazır.

“Köhnə qərargahın binasında korpusun hüquqşünası, mayor Fuad Ağayev məni qaranlıq otağa apardı və dərhal yerə yıxdı. Sonra maskalı adamlar paltarımı cırdılar, üstümə su tökdülər və rezin şlanqla döyməyə başladılar.

Həmçinin kiçik çavuş Elxan Ağazadəni döydülər, bədəninə elektrik cərəyanı buraxdılar. Aprel döyüşlərinin iştirakçısı çavuş Mehman Hüseynovu da döydülər.

E.Ağazadə və M.Hüseynovu məcbur etdilər ki, leytenant Nasif Əliyevə qarşı ifadə versinlər ki, sonuncu onların vasitəsilə ermənilərlə əlaqə saxlayıb. Əsgərlərin çoxu işgəncələrə dözə bilməyərək yalan ifadələr verdilər.

Mayın 5-6-da Bakıdan xüsusi təyinatlılar gəldilər və həbs olunanları döyməyə, işgəncə verməyə davam etdilər”. M.Əhmədli yazır ki, atasına, anasına və hamilə həyat yoldaşına qarşı zorakılıqla bağlı hədələrdən sonra yalan ifadə verib.

Mayın 8-də M.Əhmədlini ağır vəziyyətdə Ağcabədidəki hospitala aparıblar. Reanimasiyada onu yatağa bağlı vəziyyətdə saxlayıblar, sonra Bakıdakı mərkəzi hospitala köçürüblər.

Bir neçə gündən sonra M.Əhmədlini hərbi polisə aparıblar, orada döyməyə davam ediblər. Gün ərzində yarım dilim çörək veriblər, bir dəfə tualetə aparıblar. Bütün günü ayaqda saxlayıblar.

 “Mən ermənilərə işləmədiyimi bildirdim. Və düşmənlə əməkdaşlıq edən birini tanımadığımı dedim. Buna görə məni döyməyə və əziyyət verməyə davam etdilər”, – F.Əhmədli qeyd edib.

Mayın 18-də onu Aran qəsəbəsində hərbi hissəyə aparıblar, o, vəkil tələb edib. Yevlaxdan Zaur adlı vəkil gəlib və onun yanında  M.Əhmədlini yenidən döyüblər. Və tələb ediblər ki, erməni tərəfinə əsgər göndərdiyini etiraf etsin.

M.Əhmədli yazır ki, dəfələrlə Dövlət Təhlükəsizliyi Xidmətinə, ombudsmana, prezidentə şikayət yazıb, məhkəmədə hər şeyi danışıb, amma hamısı boş yerə.

“İstintaq təcridxanasında bir nəfər yanıma gəldi və dedi ki, əgər ermənilərlə əlaqəmin olması barədə ifadə verməsəm oğlumu və ailəmin digər üzvlərini itirə bilərəm. Mən imtina etdim və 16 il azadlıqdan məhrum edildim”, – M.Əhmədli daha sonra yazır.

Daha çox göstər
Back to top button