İran Ukraynaya məxsus təyyarəni təsadüfən vurduğunu etiraf edib
Beynəlxalq Hava Yollarına məxsus “Boeing” sərnişin təyyarəsi “insan səhvi” nəticəsində təsadüfən vurulub. Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.
İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub.
İranın Xarici İşlər naziri Cavad Zərif öz növbəsində “Twitter” hesabında yazıb ki, “ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi” qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Ukrayna təyyarəsinin vurulması İranın İraqda qərargahlanan ABŞ qüvvələrinə ballistik raket hücumundan bir neçə saat sonra baş verib. Tehran bu hücumu Qüds Korpusunun komandanı Qasım Süleymaninin öldürülməsinə qisas cavabı olduğunu bildirmişdi.