Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan edib

Yanvarın 11-də Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.
Mərkəzi Seçki Komissiyası 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, müxalifətdən bəzi qüvvələr bələdiyyə seçkiləri boykot etdi. Onlar hesab edir ki, Azərbaycanda həm azad seçkilərdən ötrü şərait yoxdur, həm də bələdiyyələrin statusları yetərli deyil.
Bu seçkilərdən sonra Azərbaycanın bir neçə bölgələrində nəticələrlə bağlı etirazlar olub.