İctimaiyyət

MSK rəhbəri tabeliyindəki şəxslərin səhvlərini etiraf edir, amma onları düzəltmək üçün heç nə etmir

73-cü Lənkəran Seçki Dairəsindən deputatlığa müstəqil namizəd, Azərbaycan SQ-nin ehtiyatda olan generalı Qabil Məmmədov Lənkəran dövlət qurumlarının onun 9 fevral parlament seçkilərində iştirakına imkan verməmək üçün saxtakarlıqlara yol verdiyini bildirib. Bu barədə Turan agentliyi məlumat yayıb.

Belə ki, yanvarın 2-də 73-cü Lənkəran Dairə Seçki Komissiyası Məmmədovun qeydiyyatından imtina edib, bunu onun beş avtomobil və 2 hektar torpaq sahəsindən ibarət mülkiyyətinin olduğu haqqında məlumatı DSK-dən gizlətməsi ilə əsaslandırıb.

Bu zaman DSK Lənkəran Polis İdarəsinin rəisi Fəqan Azadəliyevin və Dövlət Reyestri Xidmətinin Lənkəran regional idarəsinin sədri Etibar Qasımovun təqdim etdiyi arayışlara istinad edib.

Amma Azərbaycan DİN Yol Polisi İdarəsinin rəis müavini İlham Rəcəbovun və Azərbaycan Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədovun təqdim etdiyi arayışlar sözügedən “sənədləri” təkzib edib.

Bu sənədlər əsasında Azərbaycan MSK yanvarın 10-da 73-cü DSK-nın qərarından Qabil Məmmədovun 5 avtomobili və 2 hektar torpaq sahəsi olması haqqında bəndlərin çıxarılması haqqında qərar qəbul edib.

Eyni zamanda, MSK sədri qeydiyyatdan imtina qərarını qüvvədə saxlamaq barədə qərar qəbul edib.

İmtinanın konkret səbəbi göstərilməyib, amma qərarda Qabil Məmmədovun imza vərəqəsində “şübhə” doğuran 17 imza olmasından bəhs edilir.

Əslində Məzahir Pənahov şübhə doğuran imzaların yenidən yoxlanılması barədə sərəncam verməli idi, amma o, imtinanı qüvvədə saxlamağı kafi hesab edib. Bundan başqa, o, MSK-ya saxta sənədlər təqdim etmiş məmurların əməllərinə heç bir qiymət verməyib.

Qabil Məmmədovun özünün sözlərinə görə, onun seçkilərə buraxılmaması məqsədilə açıq-aşkar saxtakarlıq göz önündədir. O, baş verənləri dövlət başçısının elan etdiyi, cəmiyyətdə mühitin sağlamlaşdırılması, ölkədə qanunun aliliyinin və ədalətin təmin edilməsinə yönəlmiş islahatların nüfuzdan salınması kimi qiymətləndirir.

Qabil Məmmədov hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə apellyasiya şikayəti verib, məhkəmənin ilk iclası 13 yanvar saat 16-ya təyin edilib. Eyni zamanda, o, yerli məmurların törətdiyi saxtakarlıq faktlarını araşdırmaq xahişi ilə Lənkəran Prokurorluğuna müraciət edib.

Daha çox göstər
Back to top button
Close