Siyasət

Xədicə İsmayılova London Məhkəməsində “Landromat” işi üzrə şahid qismində ifadə verəcək

Bakının Binəqədi Rayon Məhkəməsi hakim Vüqar Məmmədovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın müvəqqəti götürülməsi ilə bağlı müraciətinə baxışı yanvarın 16-dək təxirə salıb.

“Amerikaninsesi.org” saytına əsasən, hakim Xədicə İsmayılovaya göndərilmiş dəvətin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsinin vacibliyini bildirib və məhkəməni təxirə salıb.

Jurnalist hakimin diqqətinə çatdırıb ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” çərçivəsində araşdırmaları ilə bağlı London Məhkəməsinə şikayət edib. Xədicə İsmayılova həmin məhkəmədə şahid qismində ifadə vermək üçün dəvət edilib. Həm də ona Stokholm İqtisadiyyat Məktəbinin Riqadakı jurnalistika fakültəsi dərs demək üçün dəvət göndərib.

Bu səbəbdən araşdırmaçı jurnalist məhkəmədən ölkədən çıxışına müvəqqəti icazə verilməsi barədə qərar qəbul etməsini xahiş edib. Xədicə İsmayılovanın sözlərinə görə, Londonda məhkəmənin əvvəlcə yanvarın 15-dən 30-dək müddətdə keçirilməsi nəzərdə tutulsa da, hazırda fevralın 11-də keçiriləcəyi bildirilib.

Xədicə İsmayılova bu ilin avqustunda da ölkədən çıxışına qadağanın müvəqqəti götürülməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib və müraciəti təmin edilməyib. Sonra jurnalistin apellyasiya şikayəti də təmin olunmayıb.

Xədicə İsmayılova 2014-ci il dekabrın 5-də həbs edilib. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamları qəbul etmir, məhz korrupsiya əleyhinə araşdırmalarına görə həbs edildiyini bəyan edir.

2016-cı il mayın 25-də Ali Məhkəmə onu həbsdən azad edib, həbs cəzasını 3,5 il şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz edib və ona qarşı verilən ittihamların əksəriyyətini ləğv edib. Hazırda jurnalistin üzərində yalnız vergidən yayınma ittihamı qalır.

Avromed Company Qapalı Səhmdar Cəmiyyəti 2002-ci ilin aprelində fəaliyyətə başlayıb və ölkədə ən böyük əczazçılıq məhsulları idxalçılarından biridir. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmaları çərçivəsində 2017-ci il sentyabrın 20-də “Avromed `Lanromadın` milyonlarından bəhrələnənlərdən biri ola bilər” adlı məqalə dərc edib. Məqalənin müəllifləri jurnalistlər Miranda Patruçiç, Mədinə Məmmədova və İlqar Ağadır. Məqalədə idddia olunur ki, AvroMed “pulyuyan maşın” sxemi üzrə 2013-cü ilin avqustunda 138 milyon dollar mənfəət əldə edib.

Daha çox göstər
Back to top button