Siyasət

Deputatlığa namizəd bir saniyə çıxış üçün 65 manat ödəməli olacaq

Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulan KİV-lərin siyahısı açıqlanıb.

Siyahıda televiziya kanallarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) adı yer alıb.

Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat (1 dəqiqə üçün 1320 manat), bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır (1 dəqiqə üçün 3900 manat).

İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır.

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində deyib ki, pullu efir vaxtı ilə bağlı çox ciddi problem var, çünki pullu efir vaxtı həddinən artıq bahadır və Müsavat Partiyasının deputatlığa namizədlərinin bu efir vaxtını almaq imkanları olmayacaq.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli isə qeyd edib ki, şəhərlərin mərkəzi hissələrində siyasi nöqteyi-nəzərli reklamları yerləşdirmək də mümkün deyil:

“Siyasi reklam məsələsində azadlıq, rəqabət, sərbəstlik havası yoxdur. Çünki televiziya, çap mediası, küçə reklamlarının baha olması ayrı bir məsələdir. Qiymətlərin baha olması bir problemdir. Amma siyasi reklam üçün vəsait tapsan belə, həmin reklamda əks olunan fikirlərin yayılması üçün `senzuranı` aşmaq mümkün deyil. Bu anlamda Azərbaycanda siyasi reklamlarla bağlı vəziyyət heç də ürəkaçan deyil,” Cəfərli qeyd edib.

Daha çox göstər
Back to top button