Beynəlxalq

Prokurorluq jurnalistin ölkədən çıxışına qadağanı götürməkdən imtina edir

 Jurnalist Şahvələd Çobanoğlu artıq altıncı ildir ki, prokurorluq tərəfindən qoyulan qadağa səbəbindən xaricə gedə bilmir.

Turan agentliyə əsasən, jurnalist və onun vəkili Zibeydə Sadıqova növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova müraciət edərək qadağanın aradan qaldırılmasını xahiş ediblər.

Ancaq yenə də cavab alıblar ki, onların müraciəti “ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilməklə baxılıb və nəticəsi barədə əlavə məlumat veriləcək”.

“Hər dəfə eyni cavabı alırıq. Belə başa düşürəm ki, cavab məktubu şablondur, kimsə sənədin tarixini dəyişib göndərir”, – jurnalist deyib.

O, məhkəməyə müraciət edib, lakin nəticəsiz qalıb. “Bu, mənim hüquqlarımın açıq şəkildə məhdudlaşdırılmasıdır”, – Ş.Çobanoğlu qeyd edib.

Bu qadağaya görə 2014-cü ildə xaricdə başlayan müalicəni dayandırmağa məcbur olub. O, şəxsi işləri və övladlarının təhsili ilə bağlı məsələlərin həlli ilə əlaqədar xaricə gedə bilmir.

Daha çox göstər
Back to top button
Close