İctimaiyyət

‘Sovetski’də yenidən söküntüyə başlandığı bildirilir

Yanvarın 17-də «Sovetski» ərazisində köçmək istəməyən 24 ailənin yaşadığı mənzillərin söküntüsünə başlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadov məlumat verib. Hadisə yerində olan vəkilin sözlərinə görə, söküntü işləri sakinlərin razılığı və məhkəmənin qərarı olmadan aparılır: «İşlərin çoxusu məhkəmədədir. Kimin şikayəti apellyasiya, kimin də kassasiya mərhələsindədir. Yəni, məhkəmənin qərarı olmadan adamları küçəyə atıb evlərini sökməyə başlayıblar. Bir nəfərin əşyaları evdə qalıb, əşyalarla bir yerdə sökürlər. İşə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov rəhbərlik edir».

Vəkil əlavə edib ki, yanvarın 16-da bu ərazidə işıq və su kəsilmişdi, lakin sonra kommunal xətlər bərpa olunub: «Dünən, yanvarın 16-da işıq, su kəsilmişdi, söküntüyə hazırlıq başlamışdılar. Sonra Bakı Şəhər İcra Hakimiyyətin nümayəndələri gəlib dedilər ki, sabah, yanvarın 17-də sakinlərlə söhbət edəcəklər, işığın, suyun verilməsini bərpa etdilər. Yanvarın 17-də səhər isə buldozerləri bura töküb, sökürlər».

C.Cavadov qeyd edib ki, əraziyə polis qüvvələri də cəlb edilib.

Daha çox göstər
Back to top button