Başlıcaİctimaiyyət

Milli Şura müxalifət fəalına qarşı işgəncələri pisləyir

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin (Zamin) Salayevin polisdə işgəncəyə məruz qalması ola bağlı bəyanatla çıxış edib.

Milli Şura bəyan edir ki, ölkədə rəsmi qurumların qanunları tapdaması, hüquq mühafizə orqanlarının repressiya və cəza alətinə çevrilməsi bilavasitə dövlət başçısı İlham Əliyevin özündən qaynaqlanır.

Milli Şura bildirir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövləti cinayətdir.

Sənəddə deyilir ki, AXCP Salyan şöbəsinin fəalı Əlizamin (Zamin) Salayev Bakı şəhəri Səbail Rayon Polis İdarəsində və bu idarənin 8-ci Polis Bölməsində ağır işgəncələrə məruz qalıb. Salayev necə və hansı şəraitdə amansızlıqla döyüldüyünü artıq ictimailəşdirə bildiyi məktubunda təfərrüatı ilə yazıb.

Milli Şura hesab edir ki, Əlizamin Salayev polisin qəzəbinə ictimai maraqları müdafiə etdiyi üçün gəlib. Belə ki, o, Salyan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi kapitan Həmzə Əzizovun qanuna zidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb. Kapitan Əzizov özünü Daxili İşlər Naziri Vilayət Eyvazovun qohumu kimi qələmə verərək, onun əməllərini ifşa etməkdən çəkinməsə, Əlizamin bəyi qohumluq əlaqələrindən istifadə edərək cəzalandıracağı ilə hədələyib. 13 yanvar 2020-ci il tarixdə Əlizamin Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlib və burada artıq deyildiyi kimi, həbs olunub.

Əlizamin bəyə təcridxanaya yerləşdiriləndən sonra bir neçə gün ərzində ailə üzvlərilə görüş də verilməyib. Güman ki, buna səbəb onun üzərində işgəncə izlərinin açıq görünməsi olub. Milli Şura təəssüflə bildirir ki, bu, polis orqanlarında insanlara işgəncə verilməsinə dair birinci hal deyil. Artıq Azərbaycan cəmiyyəti hər il bir neçə dəfə polis orqanlarında ağır işgəncələr, bəzən hətta işgəncədən ölüm halları barədə məlumatlar alır.

“Çox təəssüf ki, neçə illərdir davam edən bu vəziyyətin qarşılığında ölkə rəhbərliyi heç bir adekvat tədbir görməyib, əksinə polis orqanlarının xüsusən də siyasi müxalifətə qarşı cəza alətinə çevirib. İctimai-siyasi fəallara və hətta MŞ Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli kimi tanınmış siyasi liderlərə belə ağır işgəncələr verilməsi, ciddi bədən xəsarətləri yetirilməsi məhz bunun nəticəsidir,” sənəddə qeyd edilir. 

Daha çox göstər
Back to top button