ATƏT DTİHB-nin aralıq hesabatı Azərbaycanda seçkiqabağı atmosferdə ciddi problemlərin olduğunu ortaya çıxarıb
Yanvarın 29-da ATƏT DTİHB müşahidə missiyası 9 fevral parlament seçkiləri ərəfəsində Azərbaycandakı vəziyyətlə bağlı aralıq hesabatı açıqlayıb.
Turan agentliyinə əsasən, hesabat müəllifləri ölkədə ədalətli demokratik seçkilərin keçirilməsinə mane olan ciddi problemlərin olduğunu qeyd edirlər. Əsasən Azərbaycanda əsas hüquq və azadlıqların təmin olunmasına dair ciddi şübhələr var, buna görə də bir sıra müxalifət qüvvələri seçkiləri boykot ediblər. Bu pozuntular KİV-ə çıxışın və sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına aiddir. Bir sıra namizədlər seçkilərdə iştirak etmək imkanından məhrum olublar, baxmayaraq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onların üzərindən məhkumluğun götürülməsi barədə qərarı var. Gender balansı pozulub və qadınlar getmiş parlamentdə pis təmsil olunublar.
Müşahidə missiyasının bəzi həmsöhbətləri bildiriblər ki, mövcud hüquqi baza azad seçkiqabağı təşviqatın keçirilməsini nəzərdə tutmur. Fundamental toplaşma azadlığı pozulub və son icazəli siyasi mitinq 2019-cu ilin yanvarında Bakıda olub.
Hakimiyyət hökuməti tənqid edənləri sistematik təqib edir və cinayət məsuliyyətinə cəlb edir. Konstitusiyanın ifadə azadlığına, informasiya əldə etmək hüququna zəmanət verməsinə və senzuraya qadağa qoymasına baxmayaraq, bu hüquqlar müxtəlif qanunlarla ciddi şəkildə məhdudlaşdırılıb.
KİV haqqında qanun hərbi, fövqəladə vəziyyətlərdə və dini ekstremizmə qarşı əməliyyatlarda KİV azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur. Böhtan və təhqir (o cümlədən sosial şəbəkələrdə) cinayət sayılır və əgər prezidentə qarşı yönəlibsə 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Reklam bazarının məhdudlaşdırılması bir çox KİV-i dövlət maliyyələşməsindən asılı vəziyyətə gətirir. 30-a yaxın özəl çap nəşri hər ay prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan vəsait alır. Üstəlik, onların tirajı cüzidir.
Dövlətlə əməkdaşlıq edən KİV-lər hakimiyyətin dəstəyindən istifadə edir və rəsmi şəxslərdən məlumat əldə etmək imkanları qazanır.
İTV çox yüksək qiymətə pullu efir vaxtı təklif edən yeganə yayımçıdır. Eyni zamanda efirdə açıq müzakirələr, debatlar, “dəyirmi masa”, həmçinin siyasi reklam yoxdur.
Hakimiyyət vətəndaş cəmiyyətinin seçkiləri müşahidə etmək və exit-poll keçirmək imkanlarını məhdudlaşdırıb. Məsələn, seçkiləri müşahidə etməkdə xeyli təcrübəsi olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeydiyyata alınmayıb və monitorinq keçirmək hüququna malik deyil, hesabatda deyilir.