İctimaiyyət

Azərbaycanda seçkiqabağı vəziyyət: jurnalistlərə “hücum edilir”

Azərbaycanda jurnalistlər fevralın 9-da keçiriləcək erkən parlament seçkiləri öncəsi təzyiq və hücumlara məruz qaldıqlarını deyirlər.

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının Bakının Binəqədi rayonundan deputatlığa namizədi Kəmaləddin Qafarov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının binasında seçicilərlə görüş keçirib.

Yerli mətbuatda yayılan videogörüntülərdə Kəmaləddin Qafarovun mühafizəçilərinin jurnalistlərə güc tətbiq etdiyi, onlara fiziki şiddət göstərdiyi görünür.

Deputatlığa namizəd görüşdən çıxdıqdan sonra mətbuat nümayəndələrinin nə üçün görüşə buraxılmadığı sualına cavabında jurnalistləri “mədəniyyətsiz” adlandırıb.

Meydan TV-nin jurnalisti Sevinc Vaqifqızı deyir ki, müstəqil media orqanları görüşə buraxılmayıb, görüşdən sonra isə onlara güc tətbiq edilib.

Azad Söz səhifəsinin əməkdaşı jurnalist Əvəz Hafizli də Kəmaləddin Qafarovun mühafizəçiləri tərəfindən döyüldüyünü söyləyir. O, aldığı xəsarətlərdən xəstəxanada müalicə almalı olduğunu bildirib.

Sevinc Vaqifqızı deyir ki, Kəmaləddin Qafarovun köməkçiləri ilə jurnalistlərin dayandığı yerdən 3-4 metr uzaqlıqda üç nəfər polis dayanıb və olanları müşahidə edib.

Yerli mətbuatda yayılan görüntülərdə Əvəz Hafizlinin polis maşınından düşən polis əməkdaşına ona xəsarət yetirdiyini dediyi şəxsi göstərdiyi və ondan şikayətçi olduğu görünür. Polis əməkdaşı isə həmin şəxsin yanından keçsə də, hər hansı müdaxilə etməyib.

Əvəz Hafizli bütün məsələlərlə bağlı şikayət etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya bildirib ki, məsələnin bütün tərəfləri araşdırırlır.

Daha çox göstər
Back to top button