Milli Şura inzibati həbs yerlərində qeyri-insani şərait barədə

Demokratik Qüvvələrin Milli Şurası (NSDS) bəyanat yayaraq siyasi motivli inzibati həbslərin sayının artmasına diqqəti çəkib. Bu barədə Turan agentliyi məlumat yayıb.
Milli Şura hakimiyyətdən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində (İHOSM) saxlanma şəraitinin yaxşılaşdırılması, rejim qaydalarının dəyişdirilməsi, orada saxlanılanlara, xüsusən də müxalif fəallara qarşı qanunsuz tələblərə, təzyiq və təsirlərə son qoyulması üçün təcili addımlar atmağa çağırır. Milli Şura həmçinin ölkə ictimaiyyətini bu məsələni gündəmdə saxlamağa çağırır.
Milli Şura hesab edir ki, cəmiyyət İHOSM-da saxlanılma şəraitinin yaxşılaşdırılmasına, absurd və insanlığa zidd qadağaların, təzyiq və kobud rəftarın aradan qaldırılmasına mütləq nail olmalıdır.
“Oradakı mövcud vəziyyət həm də bu sahə ilə maraqlanan, monitorinq aparan beynəlxalq təşkilatların gündəminə çevrilməlidir və bunun üçün də Azərbaycanın vətəndaş cəmiyyəti öz səylərini əsirgəməməli, həmin təşkilatlarla fəal iş aparmalıdır”, – sənəddə qeyd olunur.
Milli Şura bildirir ki, Azərbaycanda son illərdə inzibati qaydada həbslərin sayı xeyli artıb. Xüsusən də müxalifət partiyalarının üzvləri və müxalif fikirli ictimai fəallar tez-tez müxtəlif bəhanələrlə inzibati həbslərə məruz qalır.
Sənəddə deyilir ki, İHOSM-da saxlanılanlara qarşı kobud rəftar, zorakılıq və xüsusən də müxalifətçilərin satın alma məqsədilə mənəvi-psixoloji basqıya məruz qalması ciddi narahatlıq doğuran məlumatlar sırasındadır.