Başlıcaİctimaiyyət

AXCP fəalı polisdəki işgəncələrdən danışdı

Fevralın 5-də Bakı Apelyasiya Məhkəməsində AXCP-nin həbsdə olan fəalı Əlizamin Salayevin şikayətinə baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən prosesdə Ə.Salayev qanunsuz həbs olunması, Səbail rayonu, 8-ci polis bölməsində işgəncəyə məruz qalması, bədəninə “tok” verilməsi barədə danışıb. Bu barədə Meydan.tv saytı məlumat yayıb.

Ə.Salayev polis bölməsində işgəncələrə məruz qalması barədə ətraflı izahat verib. O bildirib ki, işgəncələr məhkəmədə qərar çıxarılandan sonra olub. Məhkəmədən onu Səbail rayonu, 8-ci polis bölməsinə qaytarıblar. O, bölmədə şəxsən rəis və müavinlərinin göstərişi və iştirakıyla ağlasığmaz işgəncələrə, insan ləyaqətini alçaldan rəftara məruz qaldığını vurğulayıb. Ə.Salayev qeyd edib ki, təcridxanadan yazdığı məktubda işgəncələr haqda yazmışdı. O, baş verənləri apelyasiya məhkəməsində də təkrarlayıb.

Ə.Salayev onu da əlavə edib ki, təcridxanada onun vəziyyətinin ağır olduğunu deyiblər, xəstəxanaya aparılmasını istəyiblər. Polislər onu Kliniki Tibbi Mərkəzə aparıb. Orada həkimlər cərrahiyyə əməliyyatına ehtiyac olduğunu desələr də, polislər əməliyyata imkan verməyib. Orada ilkin tibbi yardım göstəriləndən sonra təcridxanaya gətiriblər:

“O işgəncələrin fəsadları hələ də qalır. Sonradan da məni müayinə ediblər, müalicəm indi də davam edir. Əməliyyat olunmalıyam”.

Vəkil bildirib ki, şəxs işgəncədən şikayətləndiyinə görə məhkəmə bunu mütləq araşdırmalıdır. Müdafiəçi bu barədə vəsatət qaldırıb. Lakin hakim bu vəsatəti təmin etməyib.

Hakim Səbail rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli həbs qərarından verilən şikayəti də rədd edib. Həmin qərara əsasən, Ə.Salayev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka həbs olunub.

Daxili İşlər Nazirliyi Ə.Salayevin işgəncəyə məruz qalması barədə deyilənlərin yalan olduğunu bəyan edib.

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl “YouTube” sosial şəbəkəsində Salyan rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona “qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?” deyə cavab verirdi.

Daha çox göstər
Back to top button