Başlıcaİctimaiyyət

Cahangir Hacıyevin bacısı: Ədliyyə Nazirliyi bütün məhkəmələrə təsir göstərir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2015-ci ilin dekabrından həbsdə olan sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva iddia edir ki, Ədliyyə Nazirliyinin rəhbərliyi onun qardaşıyla bağlı işlərə baxan bütün məhkəmələrə təsir göstərir. Onun sözlərinə görə, hətta vərəsəlik hüququnun təsdiqi kimi siyasi olmayan məsələlərdə belə, obyektiv qərar çıxarılmasına imkan verilmir.”Cahangir Hacıyevin birinci hökmdə mühakimə edildiyi maddələrə sonradan dəyişiklik edilib, cəza müddətləri azaldılıb. Cinayət Məcəlləsinə dəyişikliklər 2017-ci il oktyabrın 20-də edilib. O vaxta qədər mühakimə edilən şəxslərin işinə yenidən baxılıb, cəzalara dəyişiklik edilib. Amma Cahangir Hacıyevə münasibətdə bu, mümkün deyil. Çünki Ədliyyə Nazirliyinin rəhbərliyi buna imkan vermir”, – deyə Ə.Hacıyeva Meydan TV-yə açıqlamasında bildirib.

Həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə telefonla danışmaq, ailə üzvlərilə görüşmək hüququ var. Onun sözlərinə görə, başqalarından fərqli olaraq, C.Hacıyevin bu hüquqları da məhdudlaşdırılıb․ Ə.Hacıyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyindən də narazıdır. Deyir ki, C.Hacıyevin durumuyla maraqlanmaları üçün dəfələrlə onlara müraciət edib, amma nəticəsi olmayıb․

C.Hacıyevin 16 il 6 ay, dostu, keçmiş deputat Dünyamin Xəlilovun isə 14 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verdikləri şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. C.Hacıyevin haqqındakı hökmün cinayət qanunvericiliyinə edilən dəyişikliklərə uyğunlaşdırılması barədə ərizəsinə isə fevralın 7-də Qaradağ rayon Məhkəməsində baxılacaq. Penitensiar Xidmət təcridxanada C.Hacıyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə bacısının dediklərini təkzib edib.

Daha çox göstər
Back to top button