Başlıcaİctimaiyyət

Jurnalistə Aydın Mirzəzadənin seçicilərlə görüşünü çəkməyə izin verilməyib

Mingəçevirdə yaşayan jurnalist Elçin Həsənov fevralın 6-da saxlanılaraq Mingəçevir Şəhər Polis İdarəsinə aparılıb.

Bu barədə Meydan TV-yə Elçin Həsənov özü məlumat verib.

Bildirib ki, o, Mingəçevir Mədəniyyət Evində 47 saylı Mingəçevir Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aydın Mirzəzadənin seçicilərlə görüşünün videoçəkilişini edərkən zaldan çıxarılıb.

Elçin Həsənov deyir ki, YAP namizədinin seçicilərlə görüşünə öz təşəbbüsü ilə qatılıb və bu, qanunsuzluq deyil

“Çünki namizədlə görüş açıq idi və mən jurnalist kimi iştirak edirdim. Məlumat almışdım ki, görüşə büdcə təşkilatlarında işləyənləri məcburi gətiriblər. Sosial şəbəkədə yaydığım videoda da dediklərim təsdiqini tapıb. Aydın Mirzəzadə mənim çəkiliş aparmağımdan narahat oldu və yanındakılara göstəriş verdi ki, məni zaldan kənarlaşdırsınlar. Onlar da əvvəlcə mənim işimə mane oldular, sonra zaldan çıxartdılar, daha sonra isə polisə apardılar”.

Elçin Həsənov onunla birgə deputatlığa namizəd İbrahim Türksoy və adını çəkmədiyi daha başqa bir nəfərin də polisdə izahat verdiklərini söyləyib.

47 saylı Mingəçevir Seçki Dairəsində 11 namizəddən 10 nəfəri seçkiyə bitərəf kimi qatılıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Daha çox göstər
Back to top button