BaşlıcaTəhlil

Seçki günü müşahidəçilərə qarşı zorakılıq halları kütləvi idi: SMDT

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 9-da Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərin nəticələri ilə bağlı ilkin rəyini açıqlayıb.

Amerikaninsesişorg saytına əsasən, fevralın 10-da mətbuat konfransında SMDT rəhbəri Anar Məmmədli bildirib ki, uzun müddətdən sonra Azərbaycanda keçirilən seçkilərlə bağlı ictimayyət qarşısında çıxmağa qərar verib. Anar Məmmədlinin sözlərinə görə, qurumun məlumat aldığı məntəqələr üzrə ölkə səviyyəsində adı seçicilər siyahısında olmayan şəxslərin səs verməsi halları qeydə alınıb.

“Bu, ölkə üzrə demək olar ki, 48% məntəqədə baş verib. Müşahidəçilər səsvermə zamanı 35% məntəqədə gizliliyin pozulmasını qeydə alıblar. Bizə gələn məlumatlara görə, bir şəxsin bir neçə dəfə səs verməsi halları 29,6% səviyyəsindədir. Topa bülletenlərin qutuya atılması, seçicilərin qrup halında gətirilməsi, seçici siyahısı imzalamadan seçicilərin səsverməyə buraxılması müşahidə etdiyimiz əsas qanun pozuntuları sırasında idi. Səslərin sayılması zamanı istifadə olunmamış bülletenlərin ləğv edilməməsi 30,9% məntəqədə qeydə alınıb. Ən acınacaqlı vəziyyət isə seçki məntəqələrinin 53%-də səsvermənin nəticələrinin protokollarda əks olunmasıdır. Bu o deməkdir ki, səsvermənin nəticələri ilə bağlı ortaya çıxan protokol məlumatlarına ciddi şübhə var”.

Anar Məmmədli vurğulayıb ki, Mərkəzi Seçki Komissiyası seçki günü məntəqələr üzrə seçicilərin fəallığını açıqlamırdı. SMDT rəhbəri qeyd edib ki, seçki günü müşahidəçilərə qarşı zorakılıq halları müşahidə olunub.

“Fiziki və ciddi psixoloji təzyiqlər var idi. Bəzi hallarda bu təzyiqlər namizədlərin nümayəndələrinə qarşı yönəlirdi, bəzi hallarda isə müşahidəçilərə qarşı. Təşkilatımızın seçki müşahidəçiliyi tarixində belə çox ciddi zorakılıq hallarını yalnız 2005-ci ildə müşahidə etmişik. Zorakılıq halları kütləvi idi. Bu, onu göstərir ki, uzun illərdən sonra Azərbaycanda seçki günü praktikasında tərəqqiyə doğru addımlar baş vermir”.

Sonda Anar Məmmədli vurğulayıb ki, ötən illər ərzində Azərbaycan seçki qanunvericiliyinin təkmilləşməsi, seçki prosesi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası, eyni zamanda Avropa Şurası və Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri icra olunmayıb.

Daha çox göstər
Back to top button