Siyasət

Seçkinin nəticələrinə etiraz olaraq mitinq keçirilməsi elan edilib

Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Amerikaninsesi.org saytına əsasən, bu barədə Müsavat başqanı Arif Hacılı bildirib.

Müraciədə qeyd edilib ki, mitinq fevralın 16-da 28 may metrosu stansiyası qarşısındakı meydanda (Cəfər Cabbarlının heykəlinin önündə) Bakı vaxtı ilə saat 15:00-17:00-də keçirilməsi nəzərdə tutulub.

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Azərbaycan parlamenti 125 deputatdan ibarətdir. İlkin nəticələrə görə, 72 seçki dairəsində iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləri, 43 seçki dairəsində bitərəflər, cəmi bir seçki dairəsində müxalifət partiyasının üzvü olan namizəd liderlik edir.

Qanunvericiliyə görə, fevralın 29-dək Milli Məclisə seçkilərin nəticələri yoxlanılmalı və seçkilərə yekun vurulmalıdır. Bundan sonra 10 gün müddətində Konstitusiya Məhkəməsi seçkilərin yekunları və nəticələrini təsdiq etməlidir.

Daha çox göstər
Back to top button