Siyasət

Müxalifət MSK qarşısındakı aksiyanın dağıdılmasını pisləyib

Fevralın 11-də seçkilərin saxtalaşdırılmasına etiraz aksiyasının amansızca dağıdılması ölkənin siyasi dairələrində amansız tənqidə səbəb olub.

Xalq Partiyasının lideri Pənah Hüseyn etirazçılara dəstək ifadə edib. “Yaşasın mübarizə və mübariz insanlar. Azərbaycan mütləq demokratik və azad olacaq”, deyə o, öz facebook səhifəsində yazıb.

AXCP lideri Əli Kərimli hakimiyyəti vətəndaşların fikrinə dözümsüzlükdə ittiham edib. “Bəs İlham Əliyev xaricilərin qabağında deyirdi ki, xalq narazı olsa, səsini ucaldardı. Bəs deyirdi ki, gənclər küçələrə çıxsa, onları dinləyər. Ancaq bu gecə deputatlığa 10-larla müstəqil namizədin dinc aksiyasına belə dözüm göstərmədi. Deputatlığa namizədlərin toxunulmazlıq hüququna da fikir vermədilər”, deyə Kərimli facebook səhifəsində yazıb.

“Seçkilərdə bərabər rəqabət apara bilməyən hakimiyyət dinc aksiyanı da zorakılıqla dağıtmaqla acizliyini bir daha nümayiş etdirdi. Azadlıq naminə mübarizəmiz qələbə ilə nəticələnənədək davam edəcək. Fədakar gənclərimizə eşq olsun”, deyə öz növbəsində Müsavat Partiyasının lideri Arif Hacılı facebook-da yazıb.

Seçkilərin Monitorinqi və Demikratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli MSK qarşısındakı aksiyanı cəmiyyətdə seçkilərin saxtalaşdırılmasına etiraz təzahürlərindən biri kimi qiymətləndirib.

Bu, yeni (köhnə) parlamentin legitimliyinə növbəti zərbədir. Bu tərkib sosial-iqtisadi problemlərə adekvat reaksiya vermək iqtidarında deyil. Parlamentin təkcə ölkədə deyil, xaricdə də nüfuzu olmayacaq, Məmmədli belə hesab edir.

Daha çox göstər
Back to top button