Siyasət

ReAL Partiyası polisin aksiya zamanı davranışı ilə bağlı məhkəməyə müraciət edəcək

ReAL Partiyası 16 fevral aksiyası zamanı polislərin davranışı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Bunu Meydan TV-ə partiyanın təmsilçisi Natiq Cəfərli deyib.

O namizədlərin şikayətlərinin hazlırlanıb, müvafiq qurumlara göndərildiyini deyib:

“Ən azından partiya üzvlərinə qarşı qeyri-insani davranışlar, onları aparıb çölün düzündə qoyulması faktı ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Əgər məhkəmələr bizi razı salan qərarlar qəbul etməyəcəklərsə, Avropa Məhkəməsinə qrup şəklində şikayətlər göndərəcəyik. Hazırda partiyanın hüquqşünaslar komandası bu məsələnin üzərində çalışır”.

Natiq Cəfərli növbəti aksiyaların keçirilməsi istiqamətində maraqlı siyasi tərəflərlə danışıqlar apardıqlarını söylədi.

Müsavat Partiyasının başqanı Arif Hacılı hüquqi və siyasi müstəvidə addımların davam etdiriləcəyini bildirib.

Müsavat başqanı xatırladıb ki, 100-ə qədər seçki dairəsi barədə şikayət ərizəsi verilib. O, etiraz aksiyaların keçiriləcəyini istisna etməyib.

D18 Hərəkatının İdarə Heyətinin üzvü Samirə Ağayeva hazırda aksiyaların davam etdirilməsi yönündə müzakirələrin getdiyini təsdiqlədi.

O, fevralın 16-da polisin davranışı ilə bağlı hüquqi müstəvidə addımlar atacaqlarını bildirdi.

Fevralın 16-da Müsavat, ReAL partiyaları, “D18” Hərəkatı və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Ancaq aksiyanın başlanmasına bir neçə saat qalmış təşkilatçılar saxlanılıb. MSK qarşısına gələn insanlar da saxlanılaraq şəhərdən kənara aparlıblar. Müsavat Partiyasının başqanı Arif Hacılı “Bayraq Meydanı”na, ReAL Partiyasının sədri İlqar Məmmədov Şamaxıya, D18 hərəkatının sədri Ruslan İzzətli Yevlaxa aparılaraq, orada sərbəst buraxılıblar.

Daha çox göstər
Back to top button