Siyasət

Deputatlığa namizəd MSK binası qarşısında saxlanılıb, sonra buraxılıb

fevralın 18-də bir qrup deputatlığa namizəd Mərkəzi Seçki Komissiyasının (MSK) Bakıdaki binası önünə toplaşıblar. Onlar fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularına yol verildiyini vurğulayıblar.

Polis hadisə yerinə gələrək narazı namizədləri əvvəlcə binanın qarşısından uzaqlaşdırıb. Amma bir müddət sonra yenidən həmin deputatlığa namizədlərə MSK-nın binası önündə dayanmağa imkan verilib.

Onlardan Rəbiyyə Məmmədova jurnalistlərə deyib ki, 76 saylı Astara-Lənkəran seçki dairəsindən deputatlığa namizəd, hüquqşünas Xalid Bağırov saxlanaraq naməlum istiqamətə aparılıb. Bu barədə Azadliq.org saytı məlumat yayıb.

X.Bağırovun özü də bu məlumatı təsdiqləyib. «Məni saat 15 olardı elə MSK-nın önündə saxladılar. Gətirib Bayraq meydanında sərbəst buraxdılar», – o bildirib

X.Bağırov qeyd edib ki, namizəd olduğu dairədə pozuntularla bağlı nə qədər sənəd təqdim etsə də, şikayətinə baxılmır.

Onun bu açıqlamasına, hələlik, nə MSK, nə də Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olub.

Bir sıra deputatlığa namizədlər və bəzi siyasi partiyalar fevralın 16-da MSK qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdilər. Amma polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas gətirərək onun qarşısını almışdı. Təşkilatçılardan bəzi şəxslər isə saxlanaraq, aparılıb Şamaxı, Kürdəmir və Yevlax kimi rayonlarda sərbəst buraxıldıqlarını açıqlayıblar.

Daha çox göstər
Back to top button