BaşlıcaSiyasət

MSK tərəfindən şikayətlərin DSK-ya göndərilmə səbəbi nədir?

MSK parlament seçkiləri zamanı daha 9 dairədə pozuntularla bağlı şikayətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı qərar qəbul edib.

Belə ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 46 saylı Şirvan, 51 saylı Qusar, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü, 86 saylı İsmayıllı, 66 saylı Biləsuvar, 42 saylı Sumqayıt ikinci dairə üzrə şikayətlər DSK-ya göndərilib. DSK-ya göndərilən şikayətlərin ümumi sayı 40-ı keçib.

MSK-nın keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov MSK-nın şikayətlərlə bağlı işində qarışıqlığın olduğunu qeyd edib.

“MSK eyni pozuntularla bağlı müxtəlif qərarlar çıxarır. Bəzi şikayətlər DSK-ya göndərilir, digərlərini təlimata uyğun olmadığına görə, bir qismini isə  şikayət vermə müddəti bitdiyinə görə baxılmaq üçün qəbul etməkdən imtina edirlər”, – A.Qurbanov bildirib.

DSK-lar da şikayətlərə baxarkən müxtəlif metodlardan istifadə edirlər: gah materialların orijinalını tələb edirlər, gah da müddətin bitməsi bəhanəsi ilə baxmaqdan imtina edirlər. Həmçinin şikayətlərin poçtla göndərilməsində  problemlər var və MSK-dan DSK-ya göndərilən materialların çoxu hələ də ünvana çatmayıb.

Ekspert güman edir ki, bu süründürməçilikdə  məqsəd ərizələrin məhkəməyə verilmə müddəti başa çatana qədər şikayətlərə baxılmasını yubatmaqdır.

DTİ seçkilərin uzunmüddətli monitorinqini aparır.

Daha çox göstər
Back to top button