Başlıcaİctimaiyyət

Parlament seçkilərini tənqid etdiyinə görə Real TV üç əməkdaşı işdən uzaqlaşdırılıb

Real TV-nin əməkdaşları Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu işdən uzaqlaşdırılıb. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Ləman Ələşrəfqızı və Afət Telmanqızı fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində  deputatlığa namizəd olub. Hər iki jurnalistin namizəd olduğu seçki dairəsi üzrə lider namizəd iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür.

Televiziya rəhbərliyi onlara seçkilərin saxtalaşdırılması ilə bağlı sosial şəbəkələrdə yazdıqlarını silməsini təklif edib. Bu zaman hər iki jurnalist buna etiraz edib. Beləliklə, televiziya rəhbərliyi jurnalistlərlə müqavilə imzalamaqdan imtina edib.

Ləman Ələşrəfqızı seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verildiyini bildirib. Telmanqızı sosial şəbəkədə seçki saxtakarlığına etiraz etdikləri üçün işdən çıxarıldıqlarını deyib.

Afət Telmanqızı isə meydan.tv saytına bildirib ki, məsələ onun üçün qapanıb. “Əlbəttə, qarşı tərəf deməyəcək ki, işdən azad ediblər. Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər? Ona görə nə istəyirlər yazsınlar”.

Öz növbəsində, real.tv saytı bildirib ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə Real TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır. “Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, Real TV-nin əməkdaşları Afət Məhərrəmova (Telmanqızı) və Ləman İsmayılova (Ələşrəfqızı) ilə xidməti müqavilə uzadılmayıb. Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”, deyə televiziya bildirib.

Real TV-nin açıqlamasında işdən çıxarıldığı bildirilən İlqar Mikayıloğlu barədə hər hansı məlumat yer almır.

Daha çox göstər
Back to top button