BaşlıcaBeynəlxalq

Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha bir neçə şikayət üzrə qərarlarını açıqlayıb.

Bu barədə məlumat məhkəmənin saytında yer alıb.

“Qurbanov və Paşayeva Azərbaycana qarşı” işdə məhkəmə ərizəçilərin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Buna görə Azərbaycan hökumətini 8200 avro cərimələyib.

Qərarların bir neçəsi “Yahova Şahidləri” dini icması və onun üzvlərinin şikayətləri üzrə çıxarılıb.

“Famil Nəsirov, Əminə Məmmədova, Gülnaz Həsənova, Salatın İskəndərova, Şəfiqə Məmmədova, Rəhimə Hüseynova və Aygül Nəsirova Azərbaycana qarşı” işlərdə isə ərizəçilərin azadlıq və toxunulmazlıq, din azadlığı hüquqlarının pozuntusu tanınıb. Hökumət bu iş üzrə ümumilikdə 21 min 199 avro təzminat ödəyəcək.

Bu işdə ərizəçilər “Yahova Şahidləri” icmasının üzvləri idi. İcmalarını təşviq edərkən saxlanılmış, inzibati qaydada cərimə olunmuşdular.

Daha bir qərar da “Yahova Şahidləri” icmasının şikayəti üzrə elan edilib. AİHM bu işdə isə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Hökumət icmaya 3042 avro təzminat ödəyəcək. Bu işdə icma ölkəyə dini kitablar gətirmək istəmiş, Dini İşlər üzrə Dövlət Komitəsi buna izin verməmişdi.

Azərbaycan vətəndaşı Aqil Cəfərzadənin şikayəti intihar olayının araşdırılması kontekstində polisə aparılması, orda saxlanılması və işgəncə görməsi, məhkəmələrin isə bunu ədalətli araşdırmaması ilə bağlı idi. AİHM qərar verib ki, burada ərizəçinin ədalətli məhkəmə araşdırması hüququ pozulub. Hökumət Aqil Cəfərzadəyə 3200 avro təzminat ödəyəcək.

Daha çox göstər
Back to top button