Başlıcaİctimaiyyət

Milli Platforma Azərbaycanda seçki komissiyasının üzvü Jalə Bayramovaya qarşı fiziki təzyiqi pisləyib

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində seçki komissiyasının üzvü Jalə Bayramovaya qarşı fiziki təzyiqi pisləyib.

Milli Platformanın bəyanatında xatırladılır ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi Jalə Bayramova Lənkəran rayonunun Şürük kəndində 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olub.

Bayramova məntəqədə baş verən qanun pozuntularının qeydə alınmasında prinsipiallıq göstərərkən fiziki təzyiqə məruz qalıb.

Sosial şəbəkələrdə yayılan videoçarxlarda deyilir ki, Bayramovaya qarşı hücumu Dairə Seçki Komissiyasının katibi Mübariz Əmirov təşkil edib. Zorakılığı isə nə seçici, nə komissiya üzvü və ya müşahidəçi statusu olmayan Azadə Kərimova səsvermə aparılan otaqda, məntəqə seçki komissiyasının üzvlərinin gözü qarşısında törədib. Bu hərəkətlər nəticəsində Bayramova fiziki xəsarət alıb.

“Jalə Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də hələ də zəruri tədbirlər görülməyib. Milli Platforma Bayramovanın məruz qaldığı fiziki, mənəvi zorakılıq və digər qanunsuz hərəkətləri hərtərəfli, tam, dolğun və qərəzsiz araşdırmağa, bu hərəkətlərə hüquqi qiymət verməyə və təqsirkarları müəyyən edərək cəzalandırmağa çağırır, ədalətli mühakimə tələb edir,” qurumun bəyanatında deyilir.

Jalə Bayramova Demokratiya və Rifah Hərəkarının rəhbəri Qubad İbadoğlunun qızıdır.

Qubar İbadoğlu bildirir ki, hüquq mühafizə orqanlarından gözləntilərimiz özünü doğrultmaqdadır, şikayəti “cinayət tərkibi” olmadığına görə bağlamaq istəyirlər.

Öz növbəsində, Lənkəran rayon Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olan Jalə Bayramovanın şikayəti ilə bağlı hələ cinayət işi başlanmayıb. Sənədlər toplanıb, Bayramova yenidən tibbi ekspertizadan keçməlidir.

Bununla yanaşı şikayəti təhqiq edən təhqiqatçı Ayxan Ağalı məlumat verməkdən imtina edib.

Daha çox göstər
Back to top button