İctimaiyyət

Məhkəmə Əli Kərimlinin iddiasına baxmaqdan imtina edib

Bakı İnzibati Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ona ümumvətəndaş pasportunun (xarici pasport) verilməməsi ilə bağlı iddiasına baxmaqdan imtina edib.

“Turan” informasiya agentliyi xəbər verir ki, məhkəmə iclası zamanı vəkil Fəxrəddin Mehdiyev Ə.Kərimlinin fundamental hüquqlarının pozulduğunu bildirib.

“Bu qanun pozuntusu uzun illərdir davam edir. AİHM öz sözünü deyib və Əli Kərimlinin Azərbaycanın da ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyası ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Azərbaycan Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməyə borcludur, lakin buna əməl etmir”, – vəkil deyib.

DİN nümayəndəsi Əlirza Əbilov iddiaya baxılmasının əleyhinə olub və deyib ki, Azərbaycan məhkəmələri artıq Əli Kərimlinin iddiasına baxıblar və pasportun verilməməsini qanuni hesab ediblər.

Ə.Kərimli məhkəmənin qərarını və ona pasport verməkdən imtina edilməsini siyasi motivli hesab edir.

Daha çox göstər
Back to top button