İctimaiyyət

Parlament seçkiləri zamanı saxtakarlıqları ifşa etmiş ictimai fəal 2 ay müddətinə həbs edilib

Parlament seçkiləri zamanı saxtakarlıqları ifşa etməsi ilə məşhurlaşan ictimai fəal Fuad İsmayılov narkotikdən istifadə ittihamı ilə inzibati qaydada 2 ay müddətinə həbs edilib. Bu barədə “Turan” agentliyi məlumat yayıb.

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsinin məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlü üzvü olan İsmayılov 9 fevral parlament seçkilərində pozuntuları əks etdirən video yayıb. Bu zaman onu məntəqədən polis güc tətbiq edərək uzaqlaşdırıb.

Seçkilərdən sonra o, MSK-nın qarşısındakı binanın divarına “Fu, Mazi!” ifadəsi yazaraq, bu şəkildə MSK sədrinin seçkilər zamanı saxtakarlıqlarla bağlı şikayətlərə baxmaqdan imtina etməsinə etirazını bildirib.

“Martın 7-də Fuad İsmayılov evindən çıxarkən saxlanılıb və Suraxanı rayon 32-ci polis bölməsinə aparılıb. Ona narkotiklərlə bağlı ittiham irəli sürülüb, baxmayaraq ki, o, siqaret belə çəkmir”, deyə həmin dairədən keçmiş deputatlığa namizəd Fikrət Cəfərli bildirib.

Martın 7-də Bakının Suraxanı rayon məhkəməsi İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 206-cı (Narkotik, psixotrop maddələrdən qanunsuz istifadə, onların şəxsi istifadə üçün lazım olan miqdarda satış məqsədi olmadan hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib və 2 ay müddətinə həbs edib. 

Daha çox göstər
Back to top button