Başlıcaİctimaiyyət

Novruz şənlikləri ləğv edilir, toyları təxirə salmaq təklif olunur

Nazirlər Kabineti koronavirusun yayılma riski səbəbindən Novruz bayramı ilə əlaqədar kütləvi şənliklərin keçirilməsini ləğv edib.

Operativ qərargahın məlumatına görə, qadağa həm Bakıda, həm də Azərbaycanın bölgələrindəki tədbirlərə aiddir. Qərar ÜST ekspertləri ilə məsləhətləşmələrə uyğun olaraq qəbul edilib.

Azərbaycanda Novruz bayramı martın 20-də qeyd olunur. Bununla əlaqədar martın 20-dən 27-dək Azərbaycanda qeyri-iş günləri olacaq.

Bundan əlavə, Operativ qərargah adamların kütləvi toplaşdığı yerlərdə  koronavirusun yayılma riskinin yüksək olduğunu nəzərə alaraq, qarşıdakı aylarda toyların ləğv edilməsini,  matəm mərasimlərinin isə kütləvi  keçirilməməsini tövsiyə edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı hesab edir ki, Azərbaycan koronavirusun yayılmasının ilkin mərhələsindədir.

“Hakimiyyət artıq sərhəddə yoluxma faktlarını aşkarlaya bilər və virusun ölkəyə daxil olmasının qarşısını almağa çalışır”, – o, mətbuat konfransında deyib.

Bütün hökumətlər 48 saat ərzində yoluxma faktları barədə məlumat verməlidir. Harmançı digər ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusun ölümə səbəb olacağını istisna etməyib.

Daha çox göstər
Back to top button