Başlıcaİctimaiyyət

Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlanıb

Martın 11-də Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumata görə, İranda müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlən xəstənin səhhəti orta-ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir.

Bununla da Azərbaycanda 15 nəfər koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan 3 nəfəri müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırda xüsusi rejimli xəstəxanalarda 12 nəfərin müalicəsi davam etdirilir.

Bir neçə yüz insan isə karantində saxlanılır. Virusa yoluxanların və karantində saxlanılanların böyük əksəriyyəti İrandan gələnlərdir.

Daha çox göstər
Back to top button