
“Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etmiş Müsavat Partiyasının üzvlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyi şübhəsizdir”.
Bunu Meydan TV-ə partiyanın başqanı Arif Hacılı deyib.
O qeyd edib ki, deputatlığa namizəd kimi iştirak edən partiyanın 42 üzvü yerli məhkəmələrə müraciət edib.
Arif Hacılı Avropa Məhkəməsinə təqdim etmək üçün namizədlərinin qanun pozuntuları ilə bağlı külli miqdarda sənədləri olduğunu söyləyib.
AMİP sədrinin müavini Rəşad Aydın təmsil etdiyi partiyanın 12 namizədlə parlament seçkilərində iştirak etdiyi xatırladaraq əlavə etdi ki, onlar yerli məhkəmələrə şikayət versələr də, Avropa Məhkəməsinə müraciət etməyəcəklər.
ReAL Partiyasının funksioneri Natiq Cəfərli bildirib ki, “Cümhuriyyət İttifaqı”ndan seçkilərə qatılan 31 namizədindən 27-i Avropa Məhkəməsinə müraciət edəcəyi şübhəsizdir.
Seçkilərə 31 namizədlər qatılsalar da, onlardan bir nəfər Erkin Qədirli mandat qazanıb, digər bir nəfərin namizədliyi isə MSK tərəfindən ləğv edilib. Daha bir nəfər öz namizədliyini geri götürüb.
Ancaq “Cümhuriyyət İttifaqı”ndan seçkilərə qatılan Vasif İsmayıl Avropa Məhkəməsinə şikayət etməyəcəyini bildirdi.
“Məgər, şikayət etdikdə, Avropa Məhkəməsi mənə mandat verəcək, xeyr, verməyəcək. İkinci, komanda şəklində insanlar əziyyət çəkir, ancaq cəriməni mən alıram, uyğun deyil. Nəhayət, məhkəmə qərarı işin məğzini mənə göstərməyəcək, ona görə elə bir həvəsim yoxdur”.
“Hərəkət” Seçki Blokundan 2 nəfərin, İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanın namizədliyi qeydə alınmadığından artıq yerli məhkəmələrə şikayət vermişdilər və Avropa Məhkəməsinə müraciət edəcəklər.
Bu barədə Meydan TV-yə blokdan namizəd olan Ülvi Həsənli danışıb.
Ülvi Həsənli blokdan namizəd olan 12 nəfərin Avropa Məhkəməsinə müraciət edəcəyini deyib.
“Ruslan İzzətlinin qatıldığı 33 saylı Suraxanı seçki dairəsinin nəticələri ləğv olunub. Ona görə Ruslan İzzətli şikayət etməyib. 3 nəfər kifayət qədər fakt toplaya bilmədiklərinə görə məhkəməyə müraciət etməyib. Digər 1 nəfər isə Novruz Bayramından sonra qərar verəcəyini deyir”.
Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.