BaşlıcaSiyasət

Əfqan Muxtarlı: Məni bir şərtlə buraxdılar ki, Azərbaycanda qalmayacam

Jurnalist Əfqan Muxtarlı martın 17-də həbsdən azad edilib və Almaniyaya göndərilib. Hazırda ailəsi ilə birlikdə Almaniyada olan Əfqan Muxtarlı “Amerikanın Səsi”nə müsahibə verib.

“Məni bir şərtlə buraxdılar ki, Azərbaycanda qalmamalıyam”- deyə o, qeyd edib.

“Əslində mənim azadlığa buraxılmağımla bağlı proses uzun müddətdir ki gedirdi. Bir ildən artıqdır ki, müxtəlif beynəlxalq təşkilatlar, Almaniya səfirliyi, ayrı-ayrı siyasətçlər, tanınmış jurnalistlər mənim azadlığa çıxmağım üçün Azərbaycan hakimiyyətinə müraciətlər ediblər, amma son 6 ay ərzində Almaniya hökuməti məndə olan məlumata görə, daha ciddi addımlar atıb. Eyni zamanda, Avropa Şurasının deputatı mənimlə görüşüb.

6 ay əvvəl ilk dəfə olaraq mənə rəsmi şəkildə bildirdilər ki, məni azadlığa buraxmaq istəyirlər. Həbsdə olduğum müddət ərzində mənə ümumvətəndaş pasportu verildi. Və həmin ümumvətəndaş pasportu verilərkən mənə deyilməmişdi səni azadlığa buraxmaq istəyirik. Amma bu pasport veriləndə başa düşdük ki, artıq məsələ ciddiləşib. Ondan sonra mənə bildirildi ki, mən azadlığa buraxılacam məhkəmənin qərarı ilə olacaq, ancaq Azərbaycanda yaşaya bilməyəcəm. Azərbaycan hökuməti bir şərtlə məni azadlığa buraxır ki, mən ailəmin yanına gedəcəm Almaniyaya və Azərbaycanda yaşamayacam. Dekabr ayında məsələ sürətlənmişdi. Hətta bir neçə məhkəmə prosesi də oldu. O zaman buna qərar verilmədi. Məhkəmə prosesləri dayandırıldı. Bir də hardasa ayın 10-u təxminən 12-i bu ərəfələrdə mənə yenidən məhkəməyə müraciət etməyi xahiş elədilər. Həbsxana rəhbərliyi dedi ki, sən buraxılmalısan. Amma bu proses bir neçə dəfə olduğuna görə mən inanmırdım. Heç kəsə də bildirmədim ki, mən məhkəməyə müraciət etmişəm azadlığa buraxılmağım haqda.

Həbsxanada mənimlə birlikdə olan yoldaşlarıma, dostlarıma da deməmişdim ki, məhkəmə olacaq, məni azadlığa buraxacaqlar. Çünki bunlar elə bir neçə dəfə olmuşdu, bu özünü doğrultmamışdı. Elə məhkəmə ərizəmdə də bircə cümlə qeyd eləmişdim ki, həbs növünün dəyişdirilməsini xahiş edirəm. Mənim həbsdən azad olunmağım cinayət məcəlləsinin 77-ci maddəsi ilə baş tutdu. Ayın 17-si bildirdilər ki, məhkəmədir, hakim gəldi, prokuror gəldi, dvlət tərəfindən təyin olunmuş vəkil gəldi. Mənim vəkillərimin heç birinə xəbər verilməmişdi. Orada da o məsələ hətta məhkəmənin inzibati binasından da bütün əməkdaşlar çıxarılmışdı. Həmin ərazidə cəmi beş nəfət əməkdaş var idi. Onlar da yazılı iltizam vermişdilər ki, mənim azadlığa çıxmağım barədə heç kəsə məlumat verməyəcəklər. Tam inanılmış adamlar idi. Məhkəmə prosesi oldu. 15 dəqiqədən sonra mən cəzaçəkmə müəssisəsini tərk elədim. Maşına mindirib, dövlət təhlükəsizlik xidmətinin maşınına, yüksək rütbəli DTX əməkdaşının maşınında mən çıxarıldım.

Hava limanına aparıldım. Orada Almaniya səfirliyinin nümayəndələri qarşıladılar məni. Bildirdilər ki, artıq gedə bilərsən Almaniyaya, yolun açıqdı. Moskvaya, Moskvadan da Berlinə gəldim. Mən təyyarəyə minəndən sonra ailəmə xəbər veriblər, çünki Almaniya səfirliyinin orda gözləyən nümayəndələri də heç dəqiq bilmirdi ki, mən məhkəmə ilə buxarılmışam, yoxsa buraxılmamışam”- deyə Muxtarlı bildirib.

Daha çox göstər
Back to top button
Close