BaşlıcaSiyasət

DQMŞ müxalifətin məhv edilməsinin vacibliyi barədə İlham Əliyevin bəyanatını pisləyib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat yayaraq ölkə prezidentinin siyasi müxalifətlə bağlı fikirlərini pisləyib. Məlumatı Turan agentliyi məlumat yayıb.

Prezident İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə xalqa müraciətində deyib:

“Təəssüflər olsun ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaq. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıb. Orada onlar artıq 30 iləyaxındır ki, çürüyürlər.” 

DQMŞ bu bəyanatı siyasi opponentlərin məhv edilməsi planına start verilməsi kimi qiymətləndirilir. Konteksti nəzərə alsaq, Əliyevin nitqi dövlət qurumlarını yeni repressiya dalğasına başlamağa çağırış kimi şərh edilə bilər. Hakimiyyətin nəzarətində olan KİV artıq  açıq şəkildə siyasi müxalifətin sosial izolyasiyasına çağırış edirlər, bəyanatda deyilir.

DQMŞ hesab edir ki, bu proses İnternetdə və sosial şəbəkələrdə söz azadlığının məhdudlaşdırılmasına yönələn bir sıra “qanunvericilik” və “hüquqi direktivlər”in qəbuluna səbəb olacaq.

Çox güman ki, hökumət son addım olaraq sosial şəbəkələrin tamamilə bağlanması barədə qərar qəbul edə bilər.

 Nəhayət, siyasi müxalifətin kütləvi həbsinə bəhanə üçün hökumətin sabitliyi pozacaq hərəkətlər təşkil edəcəyi istisna deyil.

Milli Şura təəssüflə qeyd edir ki, İlham Əliyevin çıxışı Azərbaycanın daha da repressiv dövlət istiqamətində irəliləməsinin göstəricisidir. Bu çıxış həm də göstərir ki, siyasi müxalifətə qarşı bütün repressiyalar birinci şəxsdən gəlir.

Milli Şura Azərbaycan xalqını və dünya birliyini bu yeni reallığı anlamağa və Azərbaycan hakimiyyətinə bu repressiv siyasəti həyata keçirməyə imkan verməməyə çağırıb.

Daha çox göstər
Back to top button