Başlıcaİctimaiyyət

Tələbə yoldaşlarına səslənir: Naxçıvana gəlməyin, Türkiyədə qalın

Naxicvandakı Duzdağı sanatoriyasında saxlanılan tələbələrdən ikisini polis aparıb. Onların 3 gündür harada saxlanılması barədə heç bir məlumat yoxdur.

Bu barədə Meydan TV-yə Duzdağı sanatoriyasının mağarasında saxlanılan tələbələr məlumat verib. Onların sözlərinə görə, polislər oradakı vəziyyəti videoya çəkən Hüseyn Novruzovla Eltac Kərimovu qandallayaraq harasa aparıblar.

Martın 26-da Türkiyədən Naxçıvana gələn tələbələrdən biri isə Meydan TV-yə deyib ki, onları incidirlər:

“Gəlməyimizə peşman olmuşuq. Bizi hərbi hissəyə gətiriblər. Yoxlamadan hamını bir yerə yığıblar. Nə yemək verirlər, nə də tualetə getməyə qoyurlar. Gün ərzində 20 nəfərlik qrupla buraxırlar çıxıb 5-10 dəqiqə hava alırıq, vəssalam”.

Tələbə Meydan TV vasitəsilə Türkiyədəki yoldaşlarına səslənib:

“Naxçıvana gəlib bu problemi yaşamaqdansa, orada qalsınlar. Naxçıvandakı şərait virusa yoluxmaq ehtimalını artırır”.

Başqa bir məlumatda isə deyilir ki, Daxili Qoşunların hərbi hissəsində karantinə alınan tələbələr dünən bərbad şəraitə görə etiraz edib. Vəziyyəti çəkib paylaşan Ümid adlı tələbə isə zirzəmiyə salınaraq dubinka ilə döyülüb, ancaq qusandan sonra işgəncə dayanıb.

Sosial şəbəkələrdə Naxçıvandakı hadisələrələ bağlı həm də səsyazısı yayılıb. Səsin Arpaçaydakı hərbi hissədə karantinə alınan tələbə qızlardan birinə aid olduğu bildirilir. Həmin tələbə Zivər adlı rəfiqəsinin “reşotkalı” otağa salındığını söyləyir.

Onun sözlərinə görə, buna səbəb qızların öz tələbə yoldaşlarının vəziyyəti ilə maraqlanmalarıdır:

“Bizi yeməyə çıxarmışdılar. Dünən aparılan uşaqlardan birini gördük, üst-başı toz içində idi. Xahiş etdik ki, 5 dəqiqə görüşək. Mənə heç nə demədilər, yanımdakı qızı çağırdılar ki, gəl, görüşdürəcəyik səni. Onu tutub zorla aparıb saldılar “reşotkalı” yerə. Mənim astmam var deyə cəsarət etmədilər, onu apardılar. Ən yaxın rəfiqəmdir, o da ürək xəstəsidir, nəsə bir şey olsa, kim cavab verəcək?”

Daha çox göstər
Back to top button