Başlıcaİctimaiyyət

Demokratik ictimaiyyətin nümayəndələri Tofiq Yaqublu və Elçin Məmmədin azad edilməsinə çağırıblar

Ədalət Naminə Həmrəylik Koalisiyası və vətəndaş cəmiyyəti fəalları tanınmış hüquq müdafiəçisi, “Sumqayıt Gənclərinin Maarifləndirilməsi” QHT-nin rəhbəri,  “Yüksəliş” qəzetinin baş redaktoru Elçin Məmmədin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatı Turan agentiyi yayıb.

Bəyanatda deyilir: “Tanınmış hüquq müdafiəçisi, Ədalət Naminə Həmrəylik Koalisiyasının üzvü, “Yüksəliş” qəzetinin baş redaktoru Elçin Məmməd dünən Sumqayıtda yaşadığı evindən polis tərəfindən həbs olunaraq polis şöbəsinə aparılıb. Elçin Məmmədlə azyaşlı uşaqlarının gözlərinin qarşısında kobud rəftar edilib, onunla qaba davranılıb. Ona tamamilə şər-böhtan olduğu öncədən bilinən Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə (oğurluq) cinayət işi açılıb.

Dünəndən polis idarəsində saxlanılan Elçin Məmməd haqqında Sumqayıt məhkəməsi tərəfindən 3 ay həbs qətimkan tədbiri seçilib və o 3 saylı Şüvəlan təcridxanasına göndərilib.

Biz vətəndaş cəmiyyəti nümayəndələri və Ədalət Naminə Həmrəylik Koalisiyası olaraq bu qərarı şiddətlə qınayırıq və Elçin Məmmədin dərhal azadlığa buraxılmasını tələb edirik. Bu ağır günlərdə ictimai fəalları indi də bu maddə ilə (oğurluq) həbs etmək planları bizi olduqca narahat edir. İllərin hüquq müdafiəçisinə guya “oğurluq” etdiyini necə yaraşdırmaq olar?! Elçin bəy illərdir hüquq müdafiəçiliyi ilə məşğuldur, Ədalət Naminə Həmrəylik Koalisiyasının önəmli simalarından biridir və illərdir təmənnasız olaraq vətəndaşlara yardımını əsirgəməyib.

Belə bir hüquq müdafiəçisini koronavirus günlərində, milyonlarla insanın xüsusi rejimdə yaşadığı bir zamanda, hamının “evdə qal” rejimində bir növ ev dustağı olduğu bir vaxtda övladlarının gözlərinin qarşısında kobud hərəkətlərlə evindən aparmaq insan hüquq və azadlıqlarına nə dərəcədə riayət etməkdir? Bu sifarişli həbs qərarlarından sonra beynəlxalq insan hüquqları müdafiə təşkilatları qarşısında biz nə deyə bilərik? Onlar yenə Azərbaycanı “qara siyahı”larına salıb rüsvay etməyəcəklərmi? O zaman “düşmən dəyirmanı”na su tökənlər kimlərdir və bu, Azərbaycan hakimiyyətini narahat etməli deyilmi?

Son zamanlarda prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının siyasi partiyalarla və qanunvericiliklə iş şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə aparılan söhbətləri və prezident İlham Əliyevin özünün dialoq çağırışları cəmiyyətdəki gərginlikləri ortadan götürməyi hədəfləyərkən vətəndaş cəmiyyətinə sifarişli hücumların mənasını anlamaq olmur. Tofiq Yaqubludan sonra Elçin Məmmədin həbsi onu göstərir ki, prezident İlham Əliyevin göstərdiyi hədəflərin həyata keçirilməsinə mane olanlar, ya da olmaq istəyənlər var. Bu da vətəndaş cəmiyyəti olaraq bizləri çox narahat edir, çünki biz hər cür gərginliyin ortadan götürülməsini istəyirik.

Tofiq Yaqubludan sonra Elçin Məmmədin uydurma ittihamlarla həbs olunması onu göstərir ki, hakimiyyət növbəti dəfə repressiv metodlara əl ataraq ictimai-siyasi fəalları təcrid edir, onları müdafiəsiz qoyur və bunun üçün ölkədə yaranan fəlakətli günlərdən sui-istifadə edir. Hamının onsuz da məcburi olaraq evdə qalmalı olduğu günlərdə sifarişlə fəalları həbs etməyin başqa adı yoxdur.

Biz Ədalət Naminə Həmrəylik Koalisiyasının üzvləri olaraq Elçin Məmmədə, eyni zamanda Tofiq Yaqubluya dərhal azadlıq tələb edirik!”

Daha çox göstər
Back to top button