Başlıcaİctimaiyyət

Rusiya və Ukraynada olan Azərbaycan vətəndaşları geri dönə bilmirlər

Samur Keçid Məntəqəsində 60-dan çox Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb. Rusiya tərəfi onları Azərbaycana buraxmır və səbəbinin də Azərbaycan hökuməti olduğunu deyir.

Bunu Meydan TV-yə sərhəddə saxlanılan Tural Cəfərov, Nəsimi Süleymanov, Elmira Əliyeva və Zahir Mehdiyev danışıblar.

Onlar bir həftəyə yaxındır sərhəddəki məsciddə gecələdiklərini bildiriblər:

“Biz Rusiyaya iş arxasınca gedənlərik. Bir həftədir burdayıq. Rusiya sərhədçiləri deyir ki, Azərbaycan tərəfi sizi qəbul etmir. Aprelin 6-da azərbaycanlı Rövşən Zalovun cənazəsinin buraxılmaması haqqında məlumatı yayandan sonra, onun meyidini buraxdılar. Bizi isə hələ saxlayıblar. Pulumuz qurtardığından Rusiya vətəndaşları yemək gətiriblər. Bu da nə vaxta qədər davam edəcək, bilmirik”.

Oxşar durumla Ukraynanın paytaxtında 600-ə yaxın Azərbaycan vətəndaşı qarşılaşıb. Onlardan Yalçın Eminbəyov Kiyev şəhərində Azərbaycan Diaspor Evinin qarşısında gözlədiklərini, ancaq səfirlikdən real cavab almadıqlarını bildirib:

“25 mart və 4 aprel tarixlərində gedənlərə təyyarə biletini 400-500 dollar civarında satırdılar. Axı burda hamının o qədər pulu yoxdur. Çünki burda qalanlar hər gün yeməyə pul xərcləyirlər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə bildirib ki, onların hər iki ölkədə qalan vətəndaşların durumundan məlumatları var və bu barədə operativ qərargaha informasiya çatdırılıb.

L.Abdullayeva xatırladıb ki, Azərbaycan ciddi karantin rejiminə keçib və bütün ölkələrlə sərhədlər bağlanılıb․

Azərbaycan Nazirlər Kabineti aprelin 5-dən saat 00:00-dan 20 aprel saat 00:00-dək ciddi karantin rejiminə keçidlə bağlə qərar qəbul edib.

Daha çox göstər
Back to top button