Siyasət

Siyasi və ictimai xadimlər Əli Kərimliyə təzyiqləri pisləyiblər

AXCP lideri Əli Kərimlinin İnternet və telefon rabitəsinin kəsilməsi ölkənin siyasi və ictimai xadimləri arasında tənqidlərə səbəb olub.

“Hakimiyyət sərt qadağalara, repressiv tədbirlərə üstünlük verdi. Əhaliyə yetərli sosial yardımın edilmədiyi, orta və xırda biznesin xilası üçün lazımi tədbirlərin görülmədiyi şəraitdə yüksək cərimələr və həbslər davam edir. Bu dövrdə, xüsusilə siyasi müxalifətə qarşı repressiv tədbirlər həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq birlik tərəfindən böyük narazılıqla qarşılanır”, -Müsavat Partiyasının sədri Arif Hacılı Facebook-da yazıb.

“Tofiq Yaqublunun qondarma ittihamlarla həbs edilməsi, bunun ardınca bir çox siyasi fəllara, jurnalistlərə, AXCP üzvlərinə, xüsusilə Əli Kərimliyə yaxın olan partiya üzvlərinə və şəxsən onun özünə qarşı olan təziqləri qətiyyətlə pisləyirəm. Azərbaycan hakimiyyətini cəmiyyətdə qarşıdurma yaradan addımlardan çəkinməyə, siyasi təqiblərə son qoymağa çağırıram”, – A.Hacılı vurğulayıb. 

Vəkil Fuad Ağayev hesab edir ki, Əli Kərimlinin və onun ailə üzvlərinin İnternet və  telefon əlaqələrinin kəsilməsi Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın bir neçə bəndinin pozulmasıdır.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfəriov hakimiyyətin Əli Kərimliyə qarşı törətdiyi əməlləri, ictimai qaydaları kobud surətdə pozmaqla cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətləri xuliqanlıq adlandırıb.

İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, Əli Kərimlinin telefon və İnternet əlaqələrinin kəsilməsi ondan ehtiyatlanmanın və narahatlığın əlamətləridir.

Rəsmi dövlət orqanlartı hələlik Ə.Kərimlinin İnternet və telefon əlaqələrinin kəsilməsinə münasibət bildirməyiblər. Eyni zamanda DİN mətbuat katibi Ehsan Zahidov bildirib ki, Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir. Həbs olunmuş AXCP üzvlərinə gəlincə, DİN-dən bildiriblər ki, onların heç biri siyasi motivlərlə həbs olunmayıb, karantin rejimini pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunublar.

Daha çox göstər
Back to top button