BaşlıcaEkonomika

SOCAR-da 5 minədək işçinin ixtisarı gözlənilir:Mirvari Qəhrəmanlı

May ayından başlayaraq ilin sonunadək SOCAR strukturuna daxil olan “Azneft” İstehsalat Birliyinin 5 minədək işçisinin öz iş yerini itirməsi gözlənilir”.

Meydan.tv saytına əsasən, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir. Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata bununla bağlı məlumat daxil olub. Bildirilib ki, “Azneft” İstehsalat Birliyinin struktrundakı quruda neft hasilatı ilə məşğul olan bir neçə neft və qazçıxarma idarəsinin bağlanılması üçün müzakirələr aparılır. Həmin NQÇİ-lər bunlardır- “Tağıyev adına NQÇİ”, “Əmirov adına NQÇİ”, “Bibiheybətneft”NQÇİ, “Siyəzənneft”NQÇİ və, “Abşeronneft” NQÇİ-nin quruda neft hasil edən sahəsi. Bununla yanaşı, gündəlik hasilatı 3 tondan az olan quyuların ləğvi də nəzərdə tutulub.

“Təsəvvür edin ki, şirkətdə peşəkar mütəxəssis qalmayıb. İşçilərin əksəriyyəti ya tanışlıq, ya da qohumluq prinsipi ilə işə götürülüb. Şirkət ixtisardan qaçmağa çalışaraq bağlanılması gözlənilən idarələrdə “boşdayanma elan etmək və işçilərə əmək haqqının 2/3 hissəsini (70%) ödəmək istəyir. Bu isə qanunvericiliyə ziddir və mümkün olmayan variantdır. Bu hal yalnız qısamüddətli boşdayanmalarda tədbiq oluna bilər”,- Mirvari Qəhrəmanlı deyib.

Qəhrəmanlı daha sonra deyib ki, maydan “Bibiheybətneft”dən 552 quyu, Əmirov adına NQÇİ-dən 441 quyu, Tağıyev adına NQÇİ-dən 158 quyu, “Siyəzənneft”dən 374 quyu, “Abşeronneft”- Pirallahı və Abşeron yataqlarındakı quyuların istismarı dayandırılır.

Uzun illər SOCAR-da çalışmış neftçilərdən biri isə Meydan TV-yə deyib ki, quruda və dənizdəki neft-qaz quyularının bir çoxunun fəaliyyətinin tam saxlanılması texnoloji və maliyyə baxımından həm də mövcud qanunvericiliyə uyğun deyil.

Neftçilər deyir ki, “Siyəzənneft”in bağlanılması xəbəri xüsusi təşvişlə qarşılanıb. Çünki sözügedən rayonda xeyli adam bu müəssisədə çalışır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 700 min barel olacağını proqnozlaşdırıb. Təşkilatın bu aykı hesabatında bildirilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 90 min barel azalacaq.

SOCAR-dan isə bildiriblər ki, şirkət hazırda ixtisarlarla bağlı müzakirə aparmır. Ümumiyyətlə, işçilərin kütləvi ixtisarı nəzərdə tutulmayıb.

Daha çox göstər
Back to top button