BaşlıcaSiyasət

AXCP hakimiyyətdən kibercinayətə son verməyi tələb edir

“AXCP olaraq hakimiyyətdən bir an öncə dövlət səviyyəsində həyata keçirilən bu kibercinayətə son verməyi tələb edirik.”

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir.

Partiya qeyd edir ki, hakimiyyət AXCP-yə qarşı kiberhücumları davam etdirməkdədir.

“13 apreldən AXCP sədri Əli Kərimlinin mobil və daimi interneti hakimiyyət tərəfindən kəsilmişdir. Onun xidmətindən istifadə etdiyi SAZZ şirkəti 17 apreldən təmir üçün modemi aparsa da hələ də geri gətirməmiş və bu barədə hər hansı açıqlama və birbaşa məlumat verməmişdir. Bu günə qədər cəmi bir dəfə 3 saatlığına Əli Kərimlinin mobil interneti verilmiş sonradan kəsilmişdir,” AXCP-nin bu gün yaydığı bəyanatda deyilir.

AXCP onu da iddia edir ki, bu təşkilatın funksionerləri Emil Səlimin, İlham Hüseynin, Orxan Səlimzadə və Emin Manıyevin fb profilləri hak edilərək ələ keçirilib.

“AXCP Rəyasət Heyətinin üzvləri və keçmiş siyasi məhbuslar Fuad Qəhrəmanlı, Asif Yusiflinin və Məmməd İbrahimin adına saxta FB və digər sosial şəbəkə hesabalrı (səhifələr) açaraq onların adından yazışmalar edib cəmiyyətdə yanlış rəylər yaratmağa provakasion cəhdlər edilir. AXCP bəyan edir ki, baş verənlər qanunla cinayət hesab olunan əməldir və bunun dövlət orqanları tərəfindən edilməsi həm təhlükəli, həm də utancverici mənzərə yaradır,” bəyanatda qeyd edilir.

AXCP hesab edir ki, dövlət səviyyəsində sanksiyalaşdlrılmış kibercinayətkarlıq siyasi rəqiblərə qarşı bir təzyiq mexanizmi kimi işlədilir, siyasi hüquq və azadlıqları, eləcə də şəxsi həyatın toxunulmazlığını ciddi şəkildə pozur.

“Bu cür kriminal yollarla ictimai rəyi çaşdırmağa, demokratik proseslərə zərbə vurmağa çalışan hakimiyyət bilməlidir ki, hazırkı böhran vəziyyətindən çıxış yolu, məhz ölkədə real islahatlara başlamaqdan və cəmiyyətin tələblərini eşitməkdən keçir,” sənəddə vurğulanır.

Daha çox göstər
Back to top button