İctimaiyyət

Yevlaxda sakinlər ilə polis arasında insidentlə bağlı 20 nəfər saxlanılıb

Yevlax şəhərində bir məhəllənin sakinləri ilə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, aprelin 19-da məhəllələrdən birinin sakinləri onları karantin rejimini və asayışi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atıblar. Nəticədə bir nəfər polis əməkdaşının baş nahiyəsindən xəsarət aldığı bildirilir.

Nazirlikdən bildirildiyinə görə, faktla əlaqədar Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Məlumatda həmçinin qeyd edilir ki, cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanıb, bir nəfər isə tutularaq məsuliyyətə cəlb olunub.

Verilən məlumata görə, hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi tətbiq edilib.

Yevlax şəhərində insidentin baş verdiyi məhəllədə 50-dən çox şəxsin koronavirusa yoluxduğu bildirilir. Ümumilikdə isə bu rayonda 80-dən çox şəxsin bu virusa yoluxduğu deyilirdi.

Daha çox göstər
Back to top button