İctimaiyyət

Azərbaycanda tənqidi videolar yayan kənd müəllimi həbs olunub

Fevralın 9-da keçirilən parlament seçkiləri zaman 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 1 saylı məntəqəsində baş verənlər haqda videoları ictimailəşdirən müəllim həbs olunub. Yardımlı rayonunun Dəlləkli kəndindəki orta məktəbin bədən tərbiyəsi müəllimi olan Cəlil Zabidova 5 ay həbs cəzası verilib. Yardımlı Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, 35 yaşlı Cəlil Zabidov xuliqanlıqda təqsirli bilinib. C.Zavidov həm də D18 Hərəkatının üzvüdür.

Mayın 21-də məhkəmə hökm elan olunmamışdan öncə Meydan TV-yə danışan C.Zabidov deyir ki, bu cinayət işi seçkidən dərhal sonra başlanmışdı. Onun sözlərinə görə, xeyli vaxt idi ki, Yardımlıdakı sosial problemləri, korrupsiya hallarını sosial şəbəkələrdə, müxtəlif saytlarda paylaşırdı. Elə buna görə də rayon rəhbərliyi, şəxsən Yardımlının icra başçısı Ayaz Əsgərov özü ona qarşı qərəli idi.

C.Zabidov artıq həbsdədir. Amma ona qarşı başqa bir məhkəmə çəkişməsi də var. Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev onu məhkəməyə verib, 15 min manat təzminat tələb edir.

C.Zabidov bir müddət öncə müxtəlif internet kanallarında Heydər Əliyev Fondunun Yardımlıda uşaq bağçasına ayırdığı vəsaitlərin mənimsənilməsi haqda material paylaşıb.

İcra başçısının müavini Mahir Mirzəyev isə deyir ki, onun yaydığı məlumatlar yalandır. M.Mirzəyevin sözlərinə görə, C.Zabidov onun və başqa məmurların haqqında böhtanlar yaymaqla, onları gözdən salmağa çalışır.

M.Mirzəyev onu da əlavə edib ki, məhkəmədə C.Zabidovdan tələb etdiyi vəsaiti uşaq bağçasının hesabına köçürəcək.

Daha çox göstər
Back to top button
Close