Başlıcaİctimaiyyət

Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının vəziyyəti gündən-günə pisləşir

Mayın 22-də “Azərbaycanda pandemiya şəraitində vətəndaş cəmiyyətinin problemləri və onların həlli yolları” mövzusunda virtual dəyirmi masada Azərbaycan QHT-lərinin fəaliyyəti yolundakı maneələr müzakirə olunub. Məlumatı Turan agentliyi yayıb.

Həm müstəqil, həm də hakimiyyətyönlü QHT-lərin nümayəndələrinin iştirak etdiyi videokonfrans formatında görüşün təşəbbüskarı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) olub.

Görüşü açan RATİ direktoru Emin Hüseynov qeyd edib, ki, pandemiya şəraitində dünyanın müxtəlif ölkələrində QHT-lər fəaliyyətlərini həyata keçirərkən problemlərlə üzləşirlər. Amma Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının işi üçün altı ildir maneələr var və onların vəziyyəti gündən-günə pisləşir.

Bir çox görüş iştirakçıları son 6 ildə QHT-lərin faktiki olaraq leqal fəaliyyət göstərə bilmədiklərini qeyd ediblər.

Politoloq Hikmət Hacızadənin fikrincə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına total hücum prosesi Ukraynada “Maydan” hadisələrindən sonra başlayıb.

Onun fikrincə, Azərbaycan hakimiyyətinin Qərb institutlarının ölkə QHT-lərindən “rəngli inqilab” hazırlanması məqsədilə müxalifətin maliyyələşdirilməsi üçün istifadə edildiyi barədə yanlış rəyi güclənib. Bundan sonra müstəqil vətəndaş cəmiyyəti institutlarına hücumlar başlayıb və onların fəaliyyəti bu günə qədər iflic vəziyyətindədir.

O və digər iştirakçılar eyni zamanda Ədliyyə Nazirliyinin qeyri-ticarət təşkilatlarının, habelə qrant müqavilələrinin qeydiyyatını yubatması ilə əlaqədar leqal fəaliyyət göstərə bilməyən QHT-lərin fəaliyyətinin qarşısının alındığını qeyd ediblər. AİHM Azərbaycanla bağlı qəbul etdiyi bir sıra qərarlarda birləşmək azadlığının pozulduğunu təsdiq etsə də, hakimiyyət bu qərarları icra etməyib.

QHT-lərin fəaliyyətində olan problemlər onları pandemiya şəraitində donorlardan yardım almaq imkanından məhrum edir. Bununla əlaqədar konfransda yerli və beynəlxalq donorlarla birlikdə pandemiya şəraitində QHT-lərə dəstək tədbirlərinin yol xəritəsinin hazırlanması zərurəti qeyd edilib. Bu, əhalinin pandemiya ilə əlaqədar yaranmış problemlərinin həlli üzrə tədbirlərə ictimai dəstək potensialını artırardı.

Görüşdə qeyd edilib ki, ümumiyyətlə QHT-lərin fəaliyyətinin qarşısının alınması ilə əlaqədar Azərbaycan hər il təxminən 40 mln. dollar donor yardımından məhrum olur, bu vəsaitin böyük hissəsi indi regionun başqa ölkələrinə gedir.

Bir çox görüş iştirakçıları pandemiya dövründə hakimiyyətin tənqidçilərinə qarşı repressiyaların güclənməsini pisləyiblər.

Daha çox göstər
Back to top button
Close