Başlıcaİctimaiyyət

Milli Şura: Hakimiyyəti sosial kataklizmlər ərəfəsində vəziyyəti ağırlaşdırmamağa çağırırıq

“Demokratik Qüvvələrin Milli Şurası misilsiz korrupsiya və pulyuma cinayətləri və COVİD-19 pandemiyasından öz siyasi opponentlərinə qarşı qeyri-insani sui-istifadəsilə bütün dünyanı heyrətləndirən Azərbaycan repressiv rejimini cinayət bataqlığına daha dərindən bulaşmamağa, öz durumunu, iqtisadi iflas və sosial kataklizmlər ərəfəsində olan ölkənin vəziyyətini daha çox ağırlaşdırmamağa çağırır.”

Bu barədə Milli Şuranın Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı repressiyalara dair etiraz bəyanatında deyilir.

Sənəddə deyilir ki, nə AXCP-yə, nə də sivil, dinc, konstitusion mübarizəni özünün başlıca qayəsinə çevirmiş Milli Şuraya terrorizmin maliyyələşməsi ittihamı heç bir halda yapışmayacaq.

“Ancaq bütün dünya Azərbaycan despotik idarəetməsinin dinc və sivil müxalifətə qarşı hansı siyasi və mənəvi terror tətbiq etdiyini artıq əyani şəkildə görməkdədir,” Milli Şura bildirir.

Milli Şuranın qənaətincə, Azərbaycan hüquq mühafizə orqanları prezident İlham Əliyevin 19 mart və 14 aprel tarixli nifrət çıxışlarında irəli sürülən proqram xarakterli tapşırıqlara uyğun olaraq ölkədə siyasi müxaliflərə qarşı repressiya mühitini daha da sərtləşdirməkdədir.

“Pandemiya dövrünün yaratdığı məcburi məhdudiyyətləri fürsət kimi dəyərləndirən Əliyev rejimi öz opponentlərinə, siyasi müxaliflərə, fərqli fikir daşıyıcılarına qarşı total təzyiq və təqib kampaniyasını davam etdirməkdədir.”

Sənəddə prezidentin çıxışından sonra həbs edilən Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun və çoxsaylı müxalif fəalların adları sadalanır.

Milli Şura hesab edir ki, ölkənin əsas müxalifət platformu olan Demokratik Qüvvələrin Milli Şurasına qarşı dünya tarixində presidenti olmayan kibercinayət törədilib: “Azərbaycan xüsusi xidmət orqanları kibercinayət yolu ilə öz əsas siyasi rəqibi olan Milli Şuranın Koordinasiya Mərkəzinin ZOOM sistemi üzərindən gerçəkləşdirilən qapalı on-line toplantılarının videogörüntülərini qeydə alaraq xüsusi seçmə yolu ilə onların bir neçə dəqiqəlik hissələrini sosial şəbəkələr, sarı mətbuat və hətta ölkə boyu yayımlanan televiziya kanalları vasitəsilə yaydı, öz açıq və gizli təsir imkanlarını işə salmaqla Milli Şuraya qarşı sistemli və ardıcıl qaralama və böhtan kampaniyası apardı.”

Bəyanatda deyilir ki, prezident İlham Əliyevin nifrət çıxışlarından qaynaqlanan yeni repressiya və təqib dalğasının başlıca hədəfi Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimlidir.

“Əli Kərimli 13-14 aprel 2020-ci il tarixindən qismən, 15 aprel 2020-ci il tarixindən isə tamamilə internet blokadasına alınıb, onun və ailə üzvlərinin internetə çıxışı kəsilib. Kərimli ailəsinə mobil şəbəkə üzərindən danışıq imkanı da yalnız günün müəyyən saatlarında verilir, bəzən günlərlə ailəyə məxsus bütün mobil telefonlar da kəsilir. Bu absurd təqibin məqsədi ölkənin ən reytinqli müxalifət liderinin cəmiyyət, ətraf aləm və hətta partiyadaşları ilə ünsiyyətini minimum səviyyəyədək məhdudlaşdırmaq, onun siyasi fəaliyyətini bloklamaqdır. Hal-hazırda Əli Kərimli 40 gündən çoxdur ki, internet blokadasındadır,” Milli Şura qeyd edir.

Sənəddə müxalifət fəallarının, o cümlədədn Əli Kərimlinin ictimai əsaslarla mühafizəçilərinin işgəncələrə məruz qoyulduğu qeyd edilir.

“Karantin müddətində interneti və hətta bir neçə gün ərzində bütün telefon rabitəsi kəsilmiş Əli Kərimlinin evinə ərzaq apardığına görə şərlənərəq 30 sutka müddətinə inzibati qaydada həbs edilən Niyaməddin Əhmədov inzibati cəzasını çəkdiyi müddətdə qanunazidd şəkildə Binəqədi İnzibati Təcridxanasından çıxarılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb və orada 12 saat ərzində qısa fasilələrlə ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Bu zaman ondan Əli Kərimlinin əleyhinə saxta ifşaedici ifadə almağa cəhd ediblər. Niyaməddin Əhmədovun aldığı xəsarətlər çox ağır olduğundan təcridxanaya qaytarandan sonra onu təkadamlıq kameraya yerləşdiriblər və vəkili ilə görüşmək imkanından məhrum ediblər.

İnzibati cəzası bitəndən dərhal sonra Niyaməddin Əhmədov təcridxanadan birbaşa Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 241.1-ci maddəsilə terrorçuluğu maliyyələşdirmək ittihamı irəli sürülüb və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib,” Milli Şura qeyd edir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti insanların siyasi və tənqidi mövqeyinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir. Daxili İşlər Nazirliyi isə karantin qaydalarının tətbiqi zamanı ayrıseçkiliyəı yol verilmədiyini bəyan edib.

AXCP sədrinin internet və telefon əlaqələrinin kəsilməsinə gəlincə, rəsmi qurumlar bunun üçün operatorlara müraciət etməyi məsləhət bilib. Mobil operator isə müştərilərə qarşı bloklama aparmadığını və xəttlərinin təhlükəsizliyinə görə cavabdehlik daşımadığını bildirib. Bununla yanaşı, mayın 25-də AXCP bildirib ki, Əli Kərimliyə iki yeni mobil telefon nömrəsi alınıb və cəmi 20 dəqiqədən sonra həmin nömrlərə blok qoyulub.

Daha çox göstər
Back to top button