Başlıcaİctimaiyyət

Təxminən 545 kiloqram heroini İrandan Ukraynaya aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Azərbaycan gömrükçüləri İrandan Ukraynaya aparılması üçün nəzərdə tutulan 545 kiloqramdan çox heroini aşkar edərək götürüb. Bu barədə Amerikaninsesi.org saytı məlumat yayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Azərbaycanın “Astara” gömrük postunda (Bakıdan 317 kilometr cənub) ölkə ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobildə 10 paketdə olan 720 ədəd yeşikdə 526 ədəd narkotik bağlama aşkar edilib.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdi Məmmədov Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü maddələri (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Gömrük Komitəsi bildirir ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 54 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

Daha çox göstər
Back to top button