Azərbaycanda bloklanmış saytlara giriş imkanı yaradan resurslar da bağlana bilər
Azərbaycan ərazisində girişi əngəllənən internet resurlarına – Meydan TV, Azadlıq Radiosu, “Azadlıq” qəzeti, Turan TV və “Azərbaycan saatı” proqramının saytlarına daxil olmaq üçün istifadə edilən başqa saytlar da bloklana bilər.
Meydan TV yazır ki, Ali Məhkəmənin Plenumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlavə kassasiya şikayəti əsasında bu barədə qərar çıxarıb. Nazirlik tələb edir ki, ölkə ərazisində bloklanmış saytlara girişin mümkün olmaması üçün buna imkan verən başqa internet resursları da bloklansın.
Əslində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi hələ 2017-ci ilin aprelində 5 saytın bloklanması üçün məhkəməyə müraciətində bu məsələni qoymuşdu. İddia tələblərindən biri də bu idi ki, həmin saytlara girişə imkan yaradan internet resurslarına da giriş məhdudlaşdırılsın. Lakin o zaman Səbail Rayon Məhkəməsi bu hissədə iddianı təmin etməmiş, yalnız beş saytın bloklanmasıyla kifayətlənmişdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlamışdı.
Üstündən üç il keçəndən sonra nazirlik bu məsələni yenidən gündəmə gətirərək, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verib. Plenum da nazirliyin şikayəti əsasında əvvəlki qərarı ləğv edərək, iddianın tam təmin olunması məsələsinə baxılması üçün işi Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Lakin Plenumun iclası və çıxarılan qərar barədə işinə baxılan saytların rəhbərlərinə, onları məhkəmələrdə təmsil edən vəkillərə heç bir məlumat verilməyib. Ona görə də Plenumun iclasında onların heç biri iştirak etməyib.
Bloklanmış saytlardan bir neçəsi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Həmin şikayətlər üzrə Strasburqdan Azərbaycan hökumətinə artıq sorğular göndərilib.