BaşlıcaSiyasət

Kozlariç və Kramer: Azərbaycanın insan haqları pozuntuları biabırcasına cəzasız qalır

“Rusiyadakı bərbad insan haqları vəziyyətinə çox diqqət ayrılır. Lakin Azərbaycandakı korrupsioner və qəddar rejimə adətən diqqət yetirilmir. Bunun bir səbəbi Azərbaycan hökümətinin enerjidən əldə edilən gəlirlərdən Qərbdəki siyasətçilər və tərəfdaşları satın almaq üçün istifadə etməsidir”. Turan agentliyinə əsasən, bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və Florida Beynəlxalq Universitetinin baş elmi işçisi Devid Kramerin Avropa Siyasi Təhlil Mərkəzində dərc olunan məqaləsində deyilir.

Müəlliflər qeyd edirlər ki,  Qərb  “Avropanın son diktatoru” adlandırılan Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyada insan haqlarını pozanlara qarşı sanksiyalar tətbiq etsə də Azərbaycan rəhbərliyinə  qarşı oxşar cəzalar tətbiq etmir. Qərb ölkələri siyasi məhbusların azadlığa buraxılmasını alqışlayır, amma rejimə bu cəsur insanların əvvəldən həbs olunmamalı olduqlarını xatırlatmalıdırlar.

Bunun nəticəsidir ki, rejim müxalifət fəallarını, gənc blogerləri və ya araşdırmaçı jurnalistləri həbs edir və onlara qarşı saxta ittihamlar irəli sürür. Saxta məhkəmə prosesindən sonra həmin insanlar həbsxanaya göndərilir, ailələri və dostları polis tərəfindən təzyiqlərə məruz qalır.

Məsələ ictimailəşdiriləndən sonra xarici ölkələrdən “təzyiqlər” (sakit diplomatiya) olunur və rejim azalan nüfuzunu yenidən bərpa etmək qərarına gəlir və məhbusları azadlığa buraxır. Bu da Qərb ölkələrinin səfirlikləri və insan haqları qurumları tərəfindən alqışlarla qarşılanır. Məsələn, ABŞ səfirliyi aprel ayında Avropa İnsan Hüquqları Məhkəməsinın qərarına uyğun olaraq Azərbaycan Ali Məhkəməsinin REAL Partiyasının Sədri İlqar Məmmədovun barəsində qərarını alqışlayib.

Amma bir qədər əvvəl müxalifətçi siyasətçi Tofiq Yaqublu həbs olunmuşdu. Bu, prezident Əliyevin müxalifətə qarşı təhdidlə çıxış etməsindən bir neçə gün sonra baş vermişdi. Beynəlxalq təşkilatlar bu işi uydurma və siyasi motivli hesab ediblər.

Əliyev bir gün bir neçə siyasi məhbusu azadlığa buraxır, növbəti gün yenilərini həbs edir. ABŞ səfirliyi və Dövlət Departamenti bunu bilir. “Bəli, siyasi səbəblərdən həbs olunanların azadlığa buraxılması yaxşı haldır, amma ABŞ höküməti bunu “alqışlamamalıdır”, ələlxüsus elə bir halda ki, səfirlik və Dövlət Departamenti yeni həbslər baş verdikdə az şey deyirlər”, – müəlliflər qeyd edirlər.

Məsələn, Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun psixi klinikada saxlanması ilə bağlı ABŞ səfirliyi və Dövlət Departamenti heç nə deməyiblər. AXCP-nin digər üzvü,  “terrorizmin maliyyələşdirilməsi”ndə ittiham olunan Niyaməddin Əhmədovun həbsinə də reaksiya olmayıb.

Müəlliflər onu da qeyd edirlər ki, hakimiyyət pandemiyadan sui-istifadə edərək hökümət tənqidçilərini həbs edir.

Human Rights Watch təşkilatı bildirib ki, polisə  tabe olmamağa və karantin rejimini pozduğuna görə ən azı altı fəal və müxalifətçi jurnalistin 10-30 sutka həbs edilib.

Həbslər həmin şəxslər karantin mərkəzlərində vəziyyətin pis olduğunu və hökumətin ictimai sağlamlıq sahəsində böhrana qeyri-adekvat reaksiyasını tənqid etdikdən sonra baş tutub.

Azərbaycan bunu edən yeganə ölkə deyil.

“ABŞ və onun Qərbdəki tərəfdaşları siyasi məhbusların azadlığa buraxılmasına çağırmalıdır, xüsusilə də həbsxanaya göndərilmənin bu günahsız insanların həyatlarına təhlükə yaratdığı bu dövrdə. ABŞ səfirliyi və Dövlət Departamenti rejim vətəndaşlarına qarşı pis rəftarı dayandırdığı zaman Azərbaycanda baş verənləri alqışlamalıdır”, – Kozlariç və Kramer qeyd edirlər.

Daha çox göstər
Back to top button